Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev: Qalibiyyətlər üçün doğulmuş unikal şəxsiyyət

Heydər Əliyev: Qalibiyyətlər üçün doğulmuş unikal şəxsiyyət

Bakı, 10 may, AZƏRTAC

Müstəqilliyinin 30-cu ildönümünü qeyd etməyə hazırlaşdığımız müasir Azərbaycan dövlətçiliyinin qurulması, möhkəmləndirilməsi və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətçiliyini permanent xaos və böhran məngənəsindən çıxarmış, ümummilli fəlakətin-vətəndaş müharibəsinin qarşısını almış, döyüş cəbhəsində məğlubiyyətlər seriyasına son qoymuş və atəşkəs rejiminin tətbiqinə nail olmuş, bir sözlə, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirmişdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü, Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirovun "Heydər Əliyev: qalibiyyətlər üçün doğulmuş unikal şəxsiyyət" sərlövhəli məqaləsində yer alıb.

Məqalədə deyilir: "Azərbaycanda siyasi plüralizm, siyasi mədəniyyət və siyasi sistemin yaranmasının əsasını qoyan nadir şəxsiyyətdir. 1992-ci ildə bir müxalifət partiyası olaraq yaratdığı Yeni Azərbaycan Partiyası hakimiyyətə sivil yolla gəlməyin əsl “yol xəritəsi”ni ortaya qoydu. Bununla da bir siyasi mədəniyyət və siyasi əxlaq nümunəsi yaratdı. Bu nümunə əslində siyasi xəttindən və davranışından asılı olmayaraq bütün siyasi qüvvələr üçün örnək olmalıdır. Bu nümunə özündə sağlam, obyektiv, şəffaf və demokratik mübarizə mədəniyyətini ehtiva edir və 100 faizlik qələbə təminatına görə unikaldır.

Heç kəsə sirr deyildir ki, ulu öndər 1993-cü il 3 oktyabrda keçiriləcək prezident seçkiləri öncəsi seçkiqabağı təbliğat kampaniyasına xüsusi əhəmiyyət verir, praktiki olaraq əhalinin bütün təbəqələri ilə görüşürdü. Fikrimizi faktlar və arqumentlərlə əsaslandıraq.

Azərbaycan Respublikasının prezidentliyinə namizəd Heydər Əliyev 1993-cü il sentyabrın 10-da yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirdi. Sentyabrın 20-də Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, sentyabrın 21-də AMEA-da ziyalılar qarşısında, sentyabrın 22-də Ali Sovetdə Azərbaycan gənclərinin nümayəndələri, sentyabrın 28-də Bakı Məişət Kondisionerləri zavodunda əmək kollektivlərinin təmsilçiləri qarşısında çıxışlar etdi. Bu çıxışlarda ulu öndər Heydər Əliyev prezident seçiləcəyi təqdirdə xalqı narahat edən hansı mürəkkəb problemlərin köklü həllinə nail olmağı hədəf seçdiyini bəyan etdi. Bu, ilk növbədə, polisin siyasi oyunbazlıqla məşğul olmaması və ictimai asayişin qorunması ilə bağlı birbaşa vəzifəsini icra etməsi, müxtəlif rayonlarda kök salmış və dinc sakinləri qorxu altında saxlayan çoxsaylı gizli silahlı qrupların və bandaların üzə çıxarılması, onların ifşa və tərksilah edilməsi ilə bağlı idi.

Ziyalılar qarşısında çıxış edən Heydər Əliyev ideoloji stereotiplərdən və təhriflərdən azad olmuş real və həqiqi Azərbaycan tarixinin yazılmasını təxirəsalınmaz vəzifə kimi qarşıya qoydu. Ulu öndər xüsusi olaraq vurğuladı ki, tarixi qələmə alarkən ədalət hissini bir an yaddan çıxarmaq olmaz. Ağı ağ, qaranı qara yazmaq lazımdır. Bu xüsusda ümummilli lider xüsusi olaraq vurğuladı ki, “1920-ci ildən başlayaraq müstəqillik əldə etdiyimiz vaxtadək Azərbaycan xalqı böyük bir tarixi yol keçmişdir. Azərbaycanda böyük elm, mədəniyyət yaranmışdır. Ölkənin sənayesi, kənd təsərrüfatı inkişaf etmişdir. Bu dövrü tarixdən silmək olarmı? Şübhəsiz, bu dövrün çox qaranlıq səhifələri də var-37-38-ci illər, elə 20-ci illərin əvvəlləri, 30-cu illər, repressiya illəri, qanunsuzluq, insan hüquqlarının pozulması, Azərbaycan xalqına böyük zərbələr vurulması. Bunlar həqiqətdir. Eyni zamanda, o da həqiqətdir ki, bu dövrdə əzab-əziyyətlərlə, çətinliklərlə yanaşı, Azərbaycan xalqı öz iqtisadiyyatını yaratmışdır. Əgər 70-ci illərdə yaranmış bu iqtisadiyyat olmasaydı, indi Azərbaycan Respublikası müstəqil dövlət kimi yaşaya bilərdimi?. Eləcə də şəxsiyyətləri itirmək olmaz. Bizim üçün Mirzə Fətəli Axundov da, Əhməd bəy Ağayev də, Məmməd Əmin Rəsulzadə də böyük şəxsiyyətlərdir. Nəriman Nərimanov da...Tarixi təhrif edənlər xalqa xəyanət edir. Tariximizdə olan şəxsiyyətlərin hamısı bizim üçün qiymətlidir. Onların heç birinə toxunmaq olmaz”. Bu obyektiv mövqeyi ilə ulu öndər Heydər Əliyev bir daha paklıq zirvəsinə yüksələrək haqq və ədalətin keşiyində dayanırdı. Xalqın gözü tərəzidir. Xalq öz liderini birmənalı olaraq müəyyən edirdi. O xalq ki, ölkəsinin viran olduğunun fərqində idi və Heydər Əliyevə yeganə ümid yeri kimi baxırdı.

Həmin çıxışında Heydər Əliyev Azərbaycanın o zamankı faciəli vəziyyətini fırtınanın sahilə tulladığı sınıq gəmi ilə müqayisə etdi: “Həmin gəmini yenidən tikmək, elə vəziyyətə salmaq lazımdır ki, bir daha dənizə çıxa bilsin. Azərbaycan indi təxminən belə vəziyyətdədir”.

Gənclər qarşısında çıxışında isə ulu öndər Heydər Əliyev ölkənin təhsil və gənclər siyasəti sahəsində həllini gözləyən olduqca mürəkkəb problemlərə diqqəti cəlb etdi və bu istiqamətlərdə konseptual yanaşmalarını ortaya qoydu. İlk növbədə, onu vurğuladı ki, milli nihilizm mövqeyindən birdəfəlik imtina etmək lazımdır. Sovet ideologiyasını haqlı olaraq özümüzdən uzaqlaşdırsaq da, ancaq sovet təhsil sistemində bir çox müsbət cəhətlərin olduğunun da üstündən xətt çəkə bilmərik. Biz savadlı, təhsilli millətə çevrilmişik. Elmdə və mədəniyyətdə böyük uğurlara imza atmışıq. Bundan sonranı düşünmək lazımdır. İndi necə irəliləyək? Təkcə texnikumları kolleclərə, məktəbləri liseylərə, institutları universitetlərə və akademiyalara çevirməklə işləri düzəltmək olmaz.

Ulu öndər hər zaman olduğu kimi, təkcə problemləri qabartmır, eyni zamanda, onların həlli yoluna işıq salırdı. Bu xüsusda o, Azərbaycan gənclərinin ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, Rusiya və digər ölkələrin nüfuzlu ali təhsil ocaqlarına göndərilməsinin vacibliyini vurğulayır və bu sahədə hələ sovet dövründə olduqca müsbət təcrübənin qazanıldığına diqqəti cəlb edirdi.

Eyni zamanda, ulu öndər gənclər arasında xoşagəlməz hallarin, o cümlədən sərxoşluq, narkomaniya, ən dəhşətlisi isə fərariliyin artmasından ürəkağrısı ilə danışırdı. “Bilirsiniz adam dəhşətə gəlir. Axı, nə üçün Azərbaycan oğulları fərarı olsunlar? Fərarilik edən hər bir gənc gərək cəmiyyətin üzünə çıxa bilməsin, fərarilik xalqa düşmən olmaq deməkdir”.

Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncləri ilə bu və digər görüşləri cəmiyyətdə böyük siyasi rezonans doğurdu. Gənclərdə vətənpərvərlik hissləri miqyasagəlməz səviyyədə yüksəldi. Xalqımız bir daha əmin oldu ki, ona elə bir siyasi lider rəhbərlik etməyə hazırlaşır ki, onun polad iradəsi, əzmi və enerjisi sayəsində bütün bəlalardan hifz olacağımız artıq xülya deyil, bir reallıqdır.

1993-cü il oktyabrın 1-də isə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirən Heydər Əliyev Bakıda respublikada yaşayan azsaylı xalqların nümayəndələri ilə görüşdü. Bu görüşün ölkəmizdə ictimai-siyasi sabitliyin təminatı baxımından mühüm əhəmiyyəti var idi. “Xalq Cəbhəsi-Müsavat” cütlüyünün antimilli siyasəti sayəsində ölkə ərazisində yaşayan xalqlar arasında birlik və harmoniya deyil, təfriqə və toqquşma meyilləri güclənmişdi. Xüsusən azsaylı xalqlara süni şəkildə belə bir ideya təlqin olunurdu ki, siz Azərbaycanın köklü xalqları deyilsiniz, ikinci sort xalqlar statusundasınız. Əslində, bu yarıtmaz və xəyanətkar siyasətin müəllifləri ölkənin bütövlüyü və suverenliyi əleyhinə ən qorxulu ssenarilərin formalaşmasına rəvac verir və dövlətçiliyə qarşı xəyanətkar yol seçmiş olurdular. Bu acı reallıqlar fonunda ulu öndər Heydər Əliyev məlum görüşdə xüsusi olaraq vurğuladı ki, prezident seçiləcəyi təqdirdə o, respublikanın keçmiş rəhbərliyinin milli siyasətdə buraxdığı ciddi pozuntuların aradan qaldırılması üçün əlindən gələni əsirgəməyəcəkdir. Azərbaycanda yaşayan bütün xalqlar siyasi əqidəsindən, millətindən, dinindən asılı olmayaraq bərabər hüquq və imkanlara malik olacaqlar.

Ulu öndər Heydər Əliyevin xalq tərəfindən böyük coşqu ilə qarşılanan seçki kampaniyası xalqın etimadını tam itirmiş Xalq Cəbhəsinin əsl antimilli, xəyanətkar və dönük mahiyyətinin daha bariz şəkildə üzə çıxmasına səbəb oldu. Onlar məğlubiyyətləri ilə barışa bilmir, əvvəlcə, referendumu, sonra isə prezident seçkilərini boykot etmək çağırışları ilə mitinqlər təşkil edirdilər. AXC-nin ekstremist qanadı isə Türkiyə vətəndaşı Həsən Tokunun iştirakı ilə sentyabrın 30-da Heydər Əliyevin həyatına sui-qəsd təşkil etməyə cəhd göstərdilər. Nə bu sui-qəsd addımı, nə də sonralar təkrarlanan oxşar cinayətlər və dövlət çevrilişinə cəhdlər nəticəsiz qaldı. Ulu Yaradan və xalq sevgisi missiyası millətin və dövlətin Xilaskarı olan Heydər Əliyevi hifz etdi. O, qalibiyyətlər üçün doğulmuşdu. 1993-cü il 3 oktyabr prezident seçkilərində xalqın 98,8 % səsini toplayaraq hakimiyyəti olimpinin zirvəsinə yüksəlməklə məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan dövlətçiliyini xilas etdi, onun növbəti intibahının əsasını qoydu. Bu yerdə bəzi paralellər aparıb, nəzəri mülahizələrimizi əsaslandırmağa çalışaq.

Ötən əsrin 70-ci illərinin əvvəllərində “Literaturnaya qazeta”ya verdiyi məşhur müsahibəsində “Qoy ədalət zəfər çalsın” deyən Heydər Əliyev özünün milli intibah missiyasının 1969-1982-ci illər tarixi çərçivəsində, sözün həqiqi mənasında, ədalətin zəfər çalmasına nail oldu. Ölkədə həmin illərdə 213 yeni sənaye müəssisəsi istismara verildi. Bakı Məişət Kondisionerləri, Salyan Plastmas Emalı zavodu, Sumqayıtda Kompressor zavodu, Üst Trikotaj fabriki, Bakıda Tikiş, Ayaqqabı hissələri fabrikləri, Şampan şərabı zavodu, Gəncədə Ət Kombinatı, Qənnadi fabriki, Əlvan Metallar Emalı zavodu, Lənkəranda Konserv zavodu, çay fabriki, Naxçıvanda Şüşə Qablar zavodu, Kəlbəcərdə “İstisu” mineral su zavodu, Yevlaxda Yunun İlkin Emalı fabriki və s. kimi böyük iqtisadi potensialı olan müəssisələr məhz həmin illərdə tikilib istifadəyə verildi. Qeyd edilən 13 il ərzində istehsal olunan sənaye məhsulu öz həcminə görə əvvəlki 50 ilə bərabər idi.

1969-cu ildən sonra Azərbaycanda geniş tikinti-quruculuq işlərinə start verildi. Respublika sanki tikinti meydanını xatırladırdı. 1975-1985-ci illərdə ümumi sahəsi 22, 2 milyon kvadratmetr olan mənzillər inşa edildi ki, bu göstərici Azərbaycanda bütün əvvəlki illərdə tikilmiş mənzillərin 70 faizini təşkil edirdi. Yeni iş yerlərinin yaradılması nəticəsində iqtisadiyyatda çalışanların ümumi sayı 1985-ci ildə 2,4 milyon nəfərə çatmışdı. Bu, 1970-ci ilin müvafiq göstəricisindən 1,5 dəfə çox idi. 1969-cu ildə orta aylıq əməkhaqqının səviyyəsinə görə Azərbaycan 15 müttəfiq respublika arasında axırıncı yerdə dayandığı halda, 1980-ci ildə 4-cü yerə çıxdı.

Həmin dövrdə kənd təsərrüfatının dirçəldilməsi və sonrakı inkişafı sahəsində də böyük işlər görüldü. Möhtərəm Heydər Əliyevin təşəbbüsü ilə 70-ci illərin əvvəllərində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində qısa müddət ərzində qidalılıq balansını itirmiş torpaqlar əsl məhsuldar torpaqlara çevrildi. İlk növbədə, kənd təsərrüfatının su təchizatı yaxşılaşdırıldı. Bu məqsədlə Yuxarı Qarabağ, Yuxarı Şirvan və Samur-Abşeron kanallarının tikintisi başa çatdırıldı, Naxçıvan Muxtar Respublikasında “Arpaçay”, Lənkəranda “Xanbulançay”, Masallıda “Viləşçay”, Şəkidə “Əyriçay”, Şəmkir və Ağstafa su dəryaçaları, “Bəhrəmtəpə” suvarma şəbəkəsi, İsmayıllıda “Aşıq Bayram” gölü istifadəyə verildi.

Əvvəllər əsassız olaraq azaldılmış taxıl, pambıq, meyvəçilik sahələri, habelə qoyunçuluq və quşçuluq yenidən bərpa olundu. Kənd təsərrüfatı üçün yüksək ixtisaslı kadrların hazırlanması sahəsində də ciddi addımlar atıldı. Yalnız Azərbaycan Respublikası Kənd Təsərrüfatı Akademiyasında 1970-1975-ci illərdə 40 min nəfərə yaxın ali təhsilli, respublikanın orta ixtisas məktəblərində isə 86, 4 min nəfər orta ixtisas təhsilli kənd təsərrüfatı mütəxəssisi hazırlandı.

Ümummilli lider Heydər Əliyevin titanik fəaliyyətinin nəticəsi olaraq 1981-ci ildə respublika tarixində ilk dəfə olaraq 402 min ton taxıl, 1 milyon 151 min ton pambıq, 1milyon 616 min ton üzüm, 644 min ton tərəvəz, 41 min ton bostan məhsulları, 26 min ton yaşıl çay yarpağı, 125 min ton mal-qara və quş əti, 340 min ton süd, 294 milyon ədəd yumurta və 12 min ton yun tədarük edildi.

Ümumən, həmin illərdə kənd təsərrüfatının məcmu məhsulu 2,6 dəfə artdı.

“Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır”,- deyən Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə təhsil, səhiyyə, mədəniyyət, incəsənət və milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı sahəsində də ciddi və əhəmiyyətli addımlar atıldı.

Həmin dövrdə Azərbaycanda məktəbəqədər tərbiyə müəssisələrindən tutmuş ali məktəblərədək bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə qalxdı, bu istiqamətdə aparılan ardıcıl və məqsədyönlü dövlət siyasəti Azərbaycan əhalisinin təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynadı.

70-ci illərdə və 80-ci illərin əvvəllərində ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində böyük işlər görüldü. Ölkə rəhbərinin təşəbbüsü və qayğısı ilə ali məktəblər üçün çoxlu sayda tədris korpusları, yataqxana kompleksləri tikildi.

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında müstəsna xidmətlərindən biri də 1970-1980-ci illərdə şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və xüsusi ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait yaratması olmuşdur. Onu da qeyd edək ki, Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların sayı 1970-ci ilədək 40 faiz təşkil edirdisə, ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində 1976-cı ildə müvafiq göstərici 85 faizə, 1977-ci ildə 92 faizə, 1980-ci illərin əvvəllərində isə 97,6 faizə yüksəlmiş oldu. Bu addımlar öz xarakteri etibarilə strateji məzmun kəsb edirdi. Daha dəqiq desək, bir tərəfdən Azərbaycanın yüksək ixtisaslı kadrlara olan ehtiyacını təmin edirdi, digər tərəfdən potensial Azərbaycan diasporunun formalaşması prosesinin konturları cızılırdı. Təsadüfi deyildir ki, bu gün MDB məkanında Azərbaycan diasporunun sosial tərkibinin böyük bir hissəsini məhz həmin illərdə ulu öndərin xeyir-duası ilə təhsil almış insanlar təşkil edir və onlar müstəqil dövlətimizin maraqlarını təmsil olduqları ölkələrdə şərəflə qoruyurlar.

“Xalqı həmişə mənəviyyat birləşdirmişdir, çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür”, - deyən ümummilli liderin qənaətinə görə, milli özünüdərkə xalqın yaratdığı və yaşatdığı mədəni sərvətlərə dərindən yiyələnməklə çatmaq olar. Bu xüsusda Heydər Əliyev böyük siyasi ustalıqla 59 yaşında pantürkist-millətçi ittihamı ilə Sibirə sürgün edilən dahi Hüseyn Cavidin nəşini 100 illiyində Vətənə gətirməklə, əslində, milli hissə və duyğuya malik olan şəxsiyyətlərin hamısının cənazəsini, ruhunu öz doğma vətənlərinə-Azərbaycana qaytarmış oldu.

Danılmaz həqiqətdir ki, 1930-cu illərdə SSRİ-nin dövlət mükafatı “Rusca-azərbaycanca lüğət”ə verilirdisə, məhz Heydər Əliyevin qətiyyəti sayəsində 1970-ci illərdə “Azərbaycan dili” dərsliyi eyni etimada layiq görüldü. Bu mükafatların arxasında böyük siyasi mətləblər gizlənirdi. Başqa sözlə, birinci halda rus dilinin (ruslaşdırma) təbliğinə, ikinci halda isə doğma dilimizin (milliləşmənin) inkişafına görə ali mükafat verilmişdi. Bu, Ulu Öndərin millətin genetik kodunun mühüm komponenti hesab etdiyi milli dilə verdiyi əvəzsiz dəyər idi. Elə bu məntiqlə də Heydər Əliyev böyük səylər hesabına 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olmuşdu.

Bütün bu və digər xidmətləri ilə Heydər Əliyev ədəbi-mədəni irsimizin, dilimizin, ziyalılarımızın, ən başlıcası isə milli özünüdərk və kimliyimizin əvəzsiz himayədarı və hamisi zirvəsinə yüksəlmiş oldu.

Təbii ki, fitri istedadı və iti fəhmi hesabına ölkəmizin perspektiv müstəqilliyini proqnozlaşdıran Heydər Əliyev suveren dövlətçiliyimizin sosial-iqtisadi, ictimai-siyasi və xüsusilə də təhlükəsizlik sahəsində hansı ciddi problemlərlə sınağa çəkiləcəyini də görməyə bilməzdi. Bu baxımdan Ümummilli Liderin hələ sovet dövründə respublikamız üçün milli hərbi kadrların hazırlanması sahəsində atdığı uzaqgörən addımların ölkəmizin Ermənistanın təcavüzünə məruz qaldığı zamanda necə misilsiz əhəmiyyət daşıdığının bir daha şahidi olduq.

Bu, bir həqiqətdir ki, Sovet dövlətində bütün sahələr kimi, ordu quruculuğu prosesi də məlum siyasi-ideoloji prinsiplərə əsaslanırdı. Rəsmi Moskva milli respublikalarda, ələlxüsus müsəlman ölkələrində milli hərbi kadrların hazırlanması yönündə cəhdləri bir qayda olaraq qısqanclıqla qarşılayır və buna mane olurdu. Müttəfiq respublikalarda hərbi tədris məktəbləri əsasən Rusiya, Ukrayna və Belorusda fəaliyyət göstərirdi.

"Bunları görəndə, düşünürdüm ki, yaxşı, biz Sovet İttifaqının bərabərhüquqlu müttəfiq respublikasıyıq, böyük səlahiyyətlərimiz var. Biz nə üçün ordudan təcrid olunuruq?," - bu sözləri Heydər Əliyev 2003-cü il aprelin 21-də, Cəmşid Naxçıvanski adına hərbi məktəbin 30 illik yubiley təntənəsində çıxış edərkən demişdi.

Ulu öndər Heydər Əliyev 1973-cü ildə böyük səylər nəticəsində belə bir məktəbin yaradılmasına nail olmuşdu. Həmin dövrdə Azərbaycan ildə təxminən 60 min gənci ordu sıralarına göndərirdi. Ancaq onların tam əksəriyyəti inşaat batalyonlarında xidmət keçirdi. Hərbi hissələrdə azərbaycanlı zabitləri isə, necə deyərlər, barmaqla saymaq olardı. Əlbəttə, indi bəziləri 1973-cü ildə Bakıda belə bir hərbi məktəbin yaradılmasını bir zavod, fabrik tikintisi qədər adi qərar hesab edə bilərlər. Amma buna nail olmaq üçün həqiqətən böyük siyasət və uzaqgörənlik lazım idi. Sovet rejiminin ən güclü vaxtlarında Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına rəsmi Moskva laqeydi yanaşa bilməzdi. Təsadüfi deyil ki, həmin dövrdə Bakıya təşrif buyuran çeşidli komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını "əsaslandırmağa" çalışırdılar. Amma Heydər Əliyev bu cəhdlərin qarşısını qətiyyətlə almağı bacardı. Nəticədə Heydər Əliyevin yaratdığı hərbi məktəb müstəqil Azərbaycanda ordu quruculuğu üçün əsas bazalardan birinə çevrildi. 70-ci illərdə həmin məktəbin müdavimləri olan zabitlər artıq müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin komandirləri, generallarıdırlar.

Beləliklə, Heydər Əliyev 1969-1982-ci illərdə Sovet İttifaqı çərçivəsində perspektiv müstəqil Azərbaycan dövləti üçün xidmət edə biləcək bütün zəruri addımları atmağa nail oldu. 1991-ci ildə müstəqilliyini bəyan edən Azərbaycan Respublikası, əslində, real suverenliyinə 1993-cü ildə nail oldu. Həmin il xalqın israrlı tələb və xahişindən sonra Heydər Əliyevin hakimiyyətə qayıdışı baş verdi və bununla da Azərbaycanda milli intibah dövrünün ikinci mərhələsi (1993-2003-cü illər) başlandı. Bu dövr Ulu Öndərin təbirincə desək, “müstəqilliyin əldə edilməsindən daha çətin olan onun qorunması və möhkəmləndirilməsi” ilə xarakterizə olunurdu. Həmin dövrdə Rusiyanın siyasi-hərbi elitasında formalaşmış mövqeyə görə, ərazisindən hərbi bazaları çıxarılan və birmənalı olaraq Qərbə inteqrasiya xəttini seçən Azərbaycan regionda Kremlin uzağa gedən planları üçün birbaşa təhlükə mənbəyi rolunu oynayır. Həmin mərhələdə hakimiyyətdə olan Müsavat-AXC cütlüyünün həyata keçirdiyi səbatsız daxili və onun davamı olan xarici siyasət kursu Rusiyanın Azərbaycana münasibətdə məlum sərt mövqeyinin formalaşmasında az rol oynamadı. Nəticədə məhz həmin illərdə Rusiyanın himayəsi ilə torpaqlarımızın Ermənistan tərəfindən işğalı həyata keçirildi.

Yeri gəlmişkən, burada bir həqiqəti də xüsusi olaraq qeyd edək ki, Azərbaycan xalqının ən ağır dərdi olan Dağlıq Qarabağ problemi ilə bağlı ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə həyata keçirdiyi siyasətin nəticəsində bu dövrdə erməni millətçiləri bir dəfə də olsun ölkəmizə qarşı ərazi iddialarını açıq şəkildə dilə gətirməyə cəsarət etmədilər və buna imkan verilmədi. Prezident Ilham Əliyevin Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə qeyd etdiyi kimi, “1987-ci ildə Heydər Əliyev vəzifədən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında beynəlxalq mətbuatda və sovet mətbuatında məsələ qaldırmışlar. Artıq Dağlıq Qarabağda separatçı meyillərə elə bil ki, yaşıl işıq yandırıldı. Heydər Əliyev vəzifədən gedəndən 3 ay sonra Sumqayıt hadisələri baş vermişdir. Sumqayıt hadisələri də məkrli planın tərkib hissəsi idi. Plan ondan ibarət idi ki, Heydər Əliyev hakimiyyətdən getsin. Çünki onun Siyasi Büronun üzvü kimi fəaliyyəti erməni millətçilərə imkan vermirdi ki, məsələ qaldırsınlar”.

Bundan savayı, Müsavat-AXC cütlüyünün mövcud şəraitə adekvat olmayan məqamda “Cənubi Azərbaycan” problemini qaldırması nəticəsində İranla da münasibətlər son dərəcə kəskinləşdi. Bu siyasətin nəticəsində faktiki olaraq Azərbaycan həm şimaldan, həm də cənubdan ağır təzyiq altına düşdü. ABŞ Konqresi isə Azərbaycanı dövlət səviyyəsində hər cür yardımdan məhrum edən “907-ci əlavə”ni qəbul etdi.

Bu şəraitdə dövlətçiliyimiz üçün ən təhlükəli proses separatizm və onun nəticəsində ərazi bütövlüyümüz növbəti dəfə pozulması təhlükəsi ilə bağlı idi. Erməni işğalçılarının aramsız hücumları, Cənubda “Talış Muğan Respublikası”nın elan edilməsi, şimalda “Sadval” təşkilatının ərazi iddiaları və Gəncədə Surət Hüseynova məxsus hərbi hissənin qiyam qaldırması həmin dövrdə ölkəmizin dəhşətli siyasi kataklizmlər mərhələsində olduğunu bir daha təsdiqləyir. Əslində respublikamız real vətəndaş müharibəsi astanasında idi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü. İnflyasiya 1992-ci ildə 1174%, 1993-cü ildə isə 1080%-ə çatmışdı. Yuxarıda qeyd etdiyimiz kimi, yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və xahişi ilə hakimiyyətə qayıdışından sonra hədəfinə çevrildiyimiz bu ağır problemlər öz həllini tapmağa başladı. Lakin bu prosesin özü də hamar yol ilə getmədi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin himayəsi ilə respublikamızda dövlət çevrilişlərinə cəhdlər edildi. Prezident Heydər Əliyevlə xalqın sarsılmaz birliyi bu sınaqlardan da uğurlu çıxışı təmin etdi. Zəmanəmizin dühası olan Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində, əgər bir sözlə ifadə etmək mümkünsə, məhz Xilaskar missiyasını yerinə yetirdi.

Ümummilli lider Azərbaycanda demokratik inkişaf proseslərinin də əsasını qoydu. Ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi təmin edildi, çoxpartiyalı sistem üçün əsaslar yaradıldı, siyasi plüralizm, vicdan və etiqad azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edildi. Azərbaycan Respublikasının qanunvericilik aktlarında əks olunan, onun ayrılmaz komponenti olan təqsirsizlik prezumpsiyası təmin edildi. Bundan savayı, Konstitusiya Məhkəməsi, üçpilləli məhkəmə sistemi, yeni məhkəmə korpusu yaradıldı, məhkəmələrin müstəqilliyi və prosedur qaydalarının şəffaflaşması təmin edildi, on minlərlə insan amnistiya edildi və böyük sayda məhkum bağışlandı, senzura ləğv edildi, KİV-in azadlığı və QHT-lərin sərbəst fəaliyyəti təmin edildi.

Bu prosesdə-demokratik dövlət quruculuğu istiqamətində ümummilli liderin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində unikal genetik irsə, zəngin təcrübəyə, böyük intellektə və geniş təşkilatçılıq qabiliyyətinə malik Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə, Ulu Öndərin irsinin öyrənilməsi istiqamətində irimiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə etmək, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə və digər mühüm vəzifələrin yerinə yetirilməsinə nail olmaq ölkənin birinci xanımının rəhbərlik etdiyi təşkilatın genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir və geniş ictimaiyyət tərəfindən olduqca yüksək dəyərləndirilir. Hörmətli Mehriban xanımın qazandığı ümumxalq sevgisinin kökündə dayanan əsas amil insanların inamını qazanması ilə bağlıdır. Mehriban xanım Əliyeva Rusiyanın nüfuzlu “Rossiya-24” kanalına müsahibəsində bu xüsusda haqlı olaraq vurğulayır ki, “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”.

Azərbaycan xalqı qəlbində əbədi heykəlini qoyduğu ulu öndərin anadan olmasının 98-ci ildönümünü onun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək qeyd edir. Eyni zamanda, xalqımız Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”,- qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.

Öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Məsələyə bu xüsusda yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalqı ona görə cənab Prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdir və son 18 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalqı ona görə Prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır. Bu gün müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabr ayının 10-da Prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı üçtərəfli bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiyası aktı oldu. Noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olundu. Ordumuzun əldə etdiyi tarixi zəfər heç bir halda təsadüfi olmayıb, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf doktrinasının, o cümlədən titanik hərbi quruculuq siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.

Yaşasın Heydər Əliyev siyasi kursu! Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız!

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dənizin ortasında şəhər: Dünyanın ən böyük neft platformaları

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Çin xarici ticarət təzyiqinə boyun əyməyəcəyini bəyan edib

Dünya çempionatı: Messinin het-triki Argentinaya Əlcəzair üzərində qələbə qazandırıb

İsveçdə uşaqlar üçün məcburi dil hazırlığı planlaşdırılır

G7 liderləri Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi barədə razılığa gəliblər

Zelenskinin ABŞ Prezidenti ilə görüşəcəyi gözlənilir

Dünya çempionatı: Norveç qələbə qazanıb

Avropa Parlamenti aviareyslərdə pulsuz əl yükü ilə bağlı yeni qaydaları dəstəkləyib

Mbappe Fransa millisinin tarixində ən çox qol vuran futbolçu olub

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırılıb

Vens: ABŞ-İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

Fransa dünya çempionatında Seneqalı məğlub edib

Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Peleni geridə qoyub

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib

İran İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə, sərt cavab verəcəyi ilə hədələyib

Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır