“Heydər Əliyev və ev-muzeyləri” mövzusunda elmi-nəzəri konfrans
Bakı, 5 may, AZƏRTAC
Hüseyn Cavidin ev-muzeyi və Abdulla Şaiqin mənzil-muzeyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və ev-muzeyləri” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib.
Bu barədə AZƏRTAC-a Hüseyn Cavidin ev-muzeyindən məlumat verilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar təşkil edilib.
Əvvəlcə konfrans iştirakçıları Hüseyn Cavidin ev-muzeyinin ekspozisiyası və muzeyin hazırladığı “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda kitab sərgisi ilə tanış olublar.
Muzeyşünasların və elm-mədəniyyət xadimlərinin iştirak etdikləri tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli çıxış edərək Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının Ümummilli Liderin 100 illik yubileyi ilə əlaqədar çap etdirdiyi “Heydər Əliyev - Hüseyn Cavid irsinin böyük hamisi” monoqrafiyasını və ayrıca kitab şəklində nəşr edilən “Heydər Əliyev və ev-muzeyləri” mövzusunda respublika elmi-nəzəri konfransının materiallarını iştirakçılara təqdim edib. Alim hər iki nəşr haqqında fikirlərini bildirib, Heydər Əliyevin mədəniyyətimizə, ədəbiyyatımıza böyük qayğı və diqqətindən danışıb, Ümummilli Liderin ölkəmizdə ev və xatirə muzeylərinin yaradılmasının təşəbbüskarı olduğunu söyləyib.
T.Kərimli təqdim olunan kitabların “Heydər Əliyev İli”nə layiqli hədiyyə olduğunu bildirib.
Konfransın plenar iclasında Hüseyn Cavidin ev-muzeyinin direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlı “Heydər Əliyev və Azərbaycanda ev-muzeyləri”, Abdulla Şaiqin Mənzil-muzeyinin direktoru dosent Ülkər Talıbzadə “Ulu Öndər Heydər Əliyev - Azərbaycan mədəniyyətinin himayədarı”, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru sənətşünaslıq elmləri doktoru Alla Bayramova “Milli mədəniyyətimizin himayədarı”, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin şöbə müdiri professor Xatirə Bəşirli “İki xalqın fəxri”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Lütviyyə Əsgərzadə “Azərbaycanda muzeylərin yaradılmasının memarı”, Cəfər Cabbarlının ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddin qızı “Heydər Əliyev və Cəfər Cabbarlı ədəbi irsi”, Mirzə Ələkbər Sabirin Şamaxıdakı ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Rəqsanə Xəlilzadə “Mədəniyyətimizin böyük hamisi Heydər Əliyev” mövzularında məruzə ediblər.
Məruzəçilər Ulu Öndər Heydər Əliyevin elm və təhsilimizin, mədəniyyətimizin inkişafına daim xüsusi önəm verdiyini vurğulayıblar.
Bölmə iclaslarında Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səttar Bəhlulzadə, Səməd Vurğun və digər ev-muzeyləri əməkdaşlarının da məruzələri dinlənilib.