“HEYDƏR ƏLİYEV VƏ İNSAN HÜQUQLARI” MÖVZUSUNDA DƏYİRMİ MASA
AZƏRTAC xəbər verir ki, aprelin 30-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında “Heydər Əliyev və insan hüquqları” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmişdir.
Heydər Əliyevin Azərbaycanda insan hüquq və azadlıqlarının təmini və müdafiəsi istiqamətində gördüyü işlər barədə məlumat verən ombudsman Elmira Süleymanova “İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Qanunun qəbul edilməsinin əhəmiyyətini vurğulamışdır.
Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova ulu öndər Heydər Əliyevin insan hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsində mühüm rolunu diqqətə çatdırmışdır.
Dəyirmi masada Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova “Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiyasının memarıdır” mövzusunda məruzə ilə çıxış edərək bildirmişdir ki, bu böyük tarixi, siyasi-hüquqi sənədin hazırlanması ulu öndər Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir.
Konstitusiyanın qəbulu milli dövlətçilik tarixində yeni bir mərhələ açmış, dövlət quruculuğunun, ictimai-siyasi, iqtisadi və mədəni həyatımızın inkişafına təkan vermişdir.
Tədbirdə Heydər Əliyevin ölkədə təhsilin inkişafında, qadın hüquqlarının təmin olunmasında, sosial islahatların aparılmasında mühüm rolu diqqətə çatdırılmışdır.
Qeyd edilmişdir ki, dövlətimizin konstitusion əsaslarının müdafiəsi, insan hüquq və azadlıqlarının qorunması, hüququn aliliyinin təmin edilməsi Azərbaycan xalqı və dövləti qarşısında duran əsas vəzifələrdəndir. Hazırda əsası ümummilli lider tərəfindən qoyulmuş dövlətçilik ənənələri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.