SİYASƏT
“Heydər Əliyev və Naxçıvanın muxtariyyət məsələsi” mövzusunda məşğələ təşkil edilmişdir
Bakı, 1 may (AZƏRTAC). Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin növbəti məşğələsi keçirilmişdir.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, “Heydər Əliyev və Naxçıvanın muxtariyyət məsələsi” mövzusunda təşkil edilən 182-ci məşğələdə universitetin rektoru, Əməkdar Elm Xadimi, professor Saleh Məhərrəmov Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90, Ümummilli Liderin anadan olmasının 91-ci ildönümü münasibətilə universitetdə keçirilən silsilə tədbirlərdən, müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin həyat və fəaliyyətinin, siyasi irsinin öyrənilməsi və təbliği istiqamətində qarşıda duran vəzifələrdən danışmışdır.
Qeyd olunmuşdur ki, Naxçıvandakı sosial-iqtisadi tərəqqi, elm, təhsil və səhiyyənin inkişafı, əhalinin rifah halının yüksəlməsi ulu öndər Heydər Əliyev ideyalarının Azərbaycan Prezidenti və muxtar respublika rəhbəri tərəfindən uğurla davam etdirildiyini bir daha təsdiqləyir.
Azərbaycan tarixi kafedrasının müdiri, tarix üzrə elmlər doktoru, professor Zəhmət Şahverdiyev mövzu ilə bağlı ətraflı məruzə edərək XX əsrin 20-ci illərində Azərbaycan bolşevikləşdirildikdən sonra ölkədə yaranan ictimai-siyasi şəraitdən, Naxçıvana muxtariyyət statusu verilməsinin zəruri siyasi amillərindən bəhs etmişdir.
Bildirilmişdir ki, çox qədim tarixə, mühüm coğrafi, siyasi strateji əhəmiyyətə malik Naxçıvana qarşı ermənilərin əsassız iddialarının qarşısının alınmasında, bu bölgənin ərazisinin toxunulmazlığında 1921-ci ildə imzalanan Beynəlxalq Moskva və Qars müqavilələri mühüm əhəmiyyət kəsb edir.
Məruzədə 1992-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən bu müqavilələrin beynəlxalq səviyyədə yenidən siyasi gündəmə gətirilməsinin əhəmiyyətindən də bəhs olunmuşdur.
Tarixçi alim Ümummilli Liderin Naxçıvandakı siyasi fəaliyyətindən danışaraq dahi öndərin Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyətinin qorunmasında, burada geniş vüsət alan milli-azadlıq hərəkatının idarə edilməsində, milli dövlət strukturlarının yaradılmasında əvəzsiz xidmətləri olduğunu bildirmişdir. Bu dövrdə ulu öndər Heydər Əliyev nəinki Naxçıvanın toxunulmazlığı, bütövlükdə Azərbaycanın tərəqqisi, müstəqil və demokratik dövlət quruculuğu, beynəlxalq diplomatik münasibətlərin tənzimlənməsi kimi taleyüklü məsələlərlə bağlı mühüm siyasi qərarlar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 14 yanvar tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, keçirilən tədbirlər bir daha sübut edir ki, Azərbaycan xalqının böyük oğlu, nəhəng siyasi xadim Heydər Əliyevin rəhbərliyi sayəsində Naxçıvan Muxtar Respublikası Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasında və qorunmasında əhəmiyyətli siyasi-tarixi rol oynamışdır.