HEYDƏR ƏLİYEVİN ŞƏRƏFLİ HƏYAT YOLU – XALQA SƏDAQƏTLƏ XİDMƏT ETMƏYİN PARLAQ NÜMUNƏSİDİR
Sumqayıtın təhsil, mədəniyyət, səhiyyə müəssisələrində, əmək kollektivlərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr edilmiş silsilə tədbirlər keçirilir. Şəhərin mərkəzində, Heydər Əliyevin adını daşıyan prospektdə ucaldılmış möhtəşəm abidə bu günlərdə sumqayıtlıların ziyarət yerinə çevrilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu əlamətdar hadisə münasibətilə aprelin 25-də Üzeyir Hacıbəyov adına Mədəniyyət sarayında Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş elmi-nəzəri konfrans keçirilmişdir. İştirakçılar əvvəlcə Sarayın foyesində nümayiş etdirilən şəhər tarix muzeyinin ekspozisiyası ilə tanış olmuşlar. Stendlərdə Heydər Əliyevin Sumqayıta səfərlərindən, sakinlərlə unudulmaz görüşlərindən, eləcə də sənaye, mədəniyyət və sosial təyinatlı obyektlərdə olmasından bəhs edən fotomateriallar yer almışdır.
Konfrans ulu öndərə həsr edilmiş, onun həyat və fəaliyyətinin müxtəlif illərini əks etdirən videofilmin nümayişi ilə başladı.
Sumqayıt icra hakimiyyətinin başçısı Vaqif Əliyev, Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının sədri Asif İmaməliyev, əməkdar müəllim, prezident təqaüdçüsü Minarə Tahirova, şair Əvəz Lələdağ, kimyaçı Nigar Cəfərova görkəmli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin misilsiz fəaliyyətindən danışdılar.
Azərbaycanın dünyəvi, demokratik və hüquqi dövlət kimi təşəkkülü və inkişafında ulu öndərin müstəsna rolu vurğulandı. Qeyd edildi ki, Sumqayıtı həmişə diqqət mərkəzində saxlayan Heydər Əliyev bu şəhərin sakinlərinin problemlərinə xüsusi qayğı ilə yanaşırdı. Ulu öndər dəfələrlə buraya gəlmişdir. Onun Sumqayıta axırıncı - 2003-cü il aprelin 3-də sonuncu səfəri geniş miqyaslı dəyişikliklərin təməli, şəhərin inkişafında yeni bir dövrün başlanğıcı olmuşdur.
Sumqayıt sakinləri bütün həyatını doğma ölkəmizin tərəqqisinə və çiçəklənməsinə həsr etmiş, azərbaycançılıq konsepsiyası kimi ən böyük və qiymətli sərvəti bizə miras qoymuş əsl vətənpərvər, böyük azərbaycanlı Heydər Əliyevin xatirəsini daim ehtiram və minnətdarlıqla yad edirlər.
Natiqlər xalqımızın ümummilli lideri Heydər Əliyevin fəaliyyətinin bir sıra cəhətlərinə toxunaraq vurğuladılar ki, onun şərəfli həyat yolu - öz xalqına sədaqətlə xidmət etməyin parlaq nümunəsidir.
######
