HOLLANDİYADA İKİNCİ AZƏRBAYCAN MƏKTƏBİ AÇILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mərkəzi ofisi Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşəbbüsü və Azərbaycanın Niderland Krallığındakı səfirliyinin dəstəyi ilə Hollandiyanın Rotterdam şəhərindəki Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin ofisində ikinci Azərbaycan məktəbinin açılışı münasibətilə təntənəli tədbir keçirilmişdir.
BAK-ın sədr müavini Elsevər Məmmədov iştirakçıları salamlamış, Rotterdamda və onun yaxınlığında yaşayan məktəbyaşlı uşaqların Avropanın mərkəzi ölkələrindən biri olan Hollandiyada öz doğma dillərində təhsil alacaqlarını bildirmişdir. Sədr müavini Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Milli Məclisinin deputatı Mehriban xanım Əliyevanın məktəbin fəaliyyətinə yaxından kömək göstərdiyini və şagirdləri dərs ləvazimatı ilə təmin etdiyini xüsusi vurğulamışdır.
BAK-ın sədri Sahil Qasımov Amsterdamdan sonra Rotterdamda ikinci məktəbin fəaliyyətə başlamasının mühüm hadisə olduğunu və bu istiqamətdə işlərin davam etdiriləcəyini, azərbaycanlıların daha sıx yaşadıqları Utrix, Haaqa, Mastrixt və digər şəhərlərdə də uşaqlarımızın doğma dillərini unutmamaları üçün yeni təhsil ocaqlarının açılacağını nəzərə çarpdırmışdır. Ş.Qasımov təhsilin inkişafını daim diqqət mərkəzində saxlayan Heydər Əliyev Fondunun hətta vətəndən uzaqlarda fəaliyyət göstərən Azərbaycan məktəblərinə hərtərəfli yardımını razılıq hissi ilə qeyd etmişdir.
Azərbaycanın Niderland Krallığındakı səfiri Fuad İsgəndərov ulu öndərimiz Heydər Əliyevin 85 illik yubileyinin qeyd edildiyi bir vaxtda yeni məktəbin açılışının əlamətdar hadisə olduğunu və əsl bayram xarakteri daşıdığını bildirmişdir. Səfir Hollandiyada yaşayan soydaşlarımızın Azərbaycan dövlətinin etibarlı və güclü dayağı olduğunu qeyd etmiş, Niderlandda müxtəlif dövlətləri təmsil edən böyük qurumların məktəb aça bilmədiyi halda, azərbaycanlı uşaqlar üçün ikinci məktəbin fəaliyyətə başlamasını yüksək qiymətləndirmişdir.
F.İsgəndərov bildirmişdir ki, ikinci məktəbin fəaliyyəti Heydər Əliyev Fondunun bilavasitə dəstəyi və Benilüks Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə həyata keçirilmişdir.
Sonra Azərbaycanın Dövlət himni səslənmişdir. Mərasimə toplaşanlar Dövlət himnimizi oxumuşlar.
Məktəbin direktoru Yasəmən Əkbərova belə bir təhsil ocağının açılışının illər boyu arzusunda olduğunu bildirmişdir. O, tədris müəssisəsinin gələcək işi barədə danışaraq göstərmişdir ki, məktəbdə gündüz və axşam bölmələri olmaqla, iki qrup fəaliyyət göstərəcəkdir. Kiçik yaşlı uşaqların oxuyacağı gündüz şöbəsində tarix, coğrafiya, Azərbaycan dili ilə yanaşı, folklor, uşaq ədəbiyyatı tədris ediləcək, tarixi qəhrəmanlar, Vətənimiz barədə dolğun məlumatlar veriləcəkdir. Axşam məktəbi tipli ikinci qrupda isə gənc və nisbətən yaşlı nəslin tariximiz, mədəniyyətimiz, incəsənətimiz, xalqımızın yetişdirdiyi görkəmli dövlət və siyasi xadimlər barədə bilikləri təkmilləşdiriləcəkdir.
Y.Əkbərova məktəbdə özündən əlavə tarix, coğrafiya və ibtidai ixtisas üzrə daha üç müəllimin çalışacağını vurğulamış, uşaqları dərs ləvazimatı ilə təmin etmiş Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir. Natiq, eyni zamanda, səfirə və məktəbin açılışının təşəbbüskarı Benilüks Azərbaycanlıları Konqresinə təşəkkür etmişdir.
BAK-ın icraçı direktoru Elman Mustafazadə, Amsterdamdakı həftə sonu Azərbaycan məktəbinin müəllimi Sima Cəfərova və Hollandiyadakı İraq Türkmənləri Federasiyasının sədri Cüneyt Avçı xarici olkələrdə Azərbaycan məktəblərinin açılmasının və dilimizin tədrisinin uşaqların köklərinə bağlılığında mühüm rol oynamasından, Azərbaycan mədəniyyətinin zənginliyindən, Heydər Əliyev Fondunun təhsilin və mədəniyyətin inkişafı sahəsindəki xidmətlərindən və s. məsələlərdən söz açmışlar.
Məktəbin birinci sinif şagirdi Tahir Əliyev “Azərbaycan” şeirini əzbər söyləmişdir.
Sonda səfir Fuad İsgəndərov Heydər Əliyev Fondunun hədiyyəsi olan məktəb ləvazimatını və dərslikləri birinci sinifdə təhsil alacaq uşaqlara, kompyuter və printeri məktəbin direktoruna təqdim etmişdir.