Hövsan qəsəbəsində piyadanı vuraraq hadisə yerindən yayınan sürücü tutulub
Bakı, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də saat 23 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini Əhliman Əsgərov müəyyən edilməmiş avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hadisə nəticəsində o, aldığı xəsarətlərdən yerindəcə ölüb.
Yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Moskviç” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Ə.Abbasov rayon polis idarəsinin 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşərək saxlanılıb.
Hadisə ilə bağlı Suraxanı Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar davam edir.