Humanitar aksiya çərçivəsində Ağdam rayonunun 10 minə yaxın sakini pulsuz müayinə olunmuşdur
Ağdam, 28 fevral (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında fevralın 17-dən mayın 1-dək ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da uğurla davam etdirilir.
Ağdam rayon icra hakimiyyəti başçısının müavini Ağa Zeynalov AZƏRTAC-a bildirmişdir ki, dövlətimizin səhiyyənin inkişafına göstərdiyi qayğının nəticəsi olaraq son illər mərkəzi rayon xəstəxanası, uşaq xəstəxanası, doğum evi, təcili və təxirəsalınmaz tibbi yardım stansiyası, ağ ciyər xəstəlikləri dispanseri və ruhi-əsəb dispanseri üçün binalar tikilib istifadəyə verilmiş, poliklinika şöbəsi əsaslı təmir olunmuş, səhiyyə müəssisələri müasir avadanlıqlarla təmin edilmişdir. Sakinlər Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən humanitar aksiyanı dövlətimizin əhalinin sağlamlığına göstərdiyi diqqət və qayğının daha bir bariz nümunəsi kimi dəyərləndirirlər.
Rayon sakinləri qrafik əsasında mərkəzi rayon xəstəxanasında və 5 kənd sahə xəstəxanasında müayinə olunurlar. Yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları tərəfindən rayonun kənd və qəsəbələrində də əhalinin müayinəsi həyata keçirilir. İndiyədək 10 minə yaxın sakin tibbi müayinədən keçirilmişdir.
Mərkəzi xəstəxananın baş həkimi Gülnar Abbasova bildirmişdir ki, xeyirxah aksiyanın mütəşəkkil keçirilməsi üçün xəstəxanada hər cür şərait yaradılmışdır. Müayinəyə terapevt, cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər cəlb olunmuşdur. Vətəndaşlar kardioqram, ultrasəs, rentgen, laborator müayinələrdən keçirilir. Sakinlər daha çox böyrək, ürək-damar, qan təzyiqi, şəkərli diabet və revmatik xəstəliklərdən əziyyət çəkdiklərini bildirirlər. Xəstəlik aşkar edilən vətəndaşlar dispanser qeydiyyata götürülərək müalicəyə cəlb olunurlar.
Ölkə başçısının bu humanist təşəbbüsü rayon sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır. Müayinədən keçən Ağdam Dövlət Sosial İqtisad Kollecinin müəllimi Hamlet Cəfərli yaradılan şəraitdən, vətəndaşların müayinəsinin təşkilindən razılıq edərək demişdir: “Dövlətin güclü olması üçün əhalinin sağlamlığı əsas şərtlərdəndir. Prezident İlham Əliyevə ölkə sakinlərinin qayğısına belə yüksək səviyyədə qaldığı üçün minnətdarlığımı bildirirəm”.