Humanitar aksiyanın uğurla başa çatdırılması üçün əlaqədar təşkilat və xidmət rəhbərlərinə tapşırıqlar verilmişdir
Tovuz, 4 aprel (AZƏRTAC). Tovuz Rayon İcra Hakimiyyətinin başçısı yanında şuranın geniş iclasında Prezidenti İlham Əliyevin tapşırığına əsasən rayonda əhalinin tibbi müayinədən keçirilməsinin gedişi və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
AZƏRTAC xəbər verir ki, şura iclasını giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov açmışdır. Qeyd edilmişdir ki, ölkənin hər yerində olduğu kimi, Tovuzda da Prezident İlham Əliyevin imzaladığı dövlət proqramlarına və sərəncamlara əsasən yeni səhiyyə müəssisələrinin tikintisi və müasir tibb avadanlıqları ilə təmin olunması işi uğurla davam edir. Belə ki, son illər rayonda müasir xəstəxana binası və Diaqnostika Mərkəzi tikilərək istifadəyə verilmiş, səhiyyə ocaqlarının maddi-texniki bazası gücləndirilmiş, dərman preparatları ilə təminatı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Bu da öz növbəsində sakinlərin pulsuz tibbi müayinədən keçirilməsi kimi mühüm kampaniyanın mütəşəkkil aparılmasına imkan yaradır.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Paşa Muradov bildirmişdir ki, fevralın 17-dən indiyədək 82 yaşayış məntəqəsində yaşayan 64091 sakin hərtərəfli müayinə edilmişdir. Onlardan 7055 nəfərinə ambulator, 160 nəfərinə stasionar müalicə təyin olunmuş, 71 nəfər isə Bakı şəhərinə müalicəyə göndərilmişdir.
Baş həkim əmin etmişdir ki, rayonun tibb işçiləri Prezidentin tapşırığını layiqincə yerinə yetirəcək, mayın 1-dək rayon sakinlərinin hamılıqla pulsuz tibbi müayinədən keçirilməsi təmin olunacaqdır.
Şura iclasında bu mühüm aksiyanın uğurla başa çatdırılması üçün əlaqədar təşkilat və xidmət rəhbərlərinə tapşırıqlar verilmişdir.