Hüquqşünaslar və hüquq təhsili alan tələbələr üçün əqli mülkiyyət mövzusunda seminar keçirilib
Bakı, 8 fevral, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Ticarət Palatasının və ABŞ Ticarət Departamenti Kommersiya Hüququnun İnkişafı Proqramının birgə təşkilatçılığı ilə “Hüquqşünaslar və hüquq təhsili alan tələbələr üçün əqli mülkiyyət” mövzusunda seminar keçirilib.
Tədbirdə Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin müdiri-baş hüquqşünas İqbal Əsgərov, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Anar Hüseynov və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə Agentliyin yaranması, strukturu, müəllif hüquqlarının qeydiyyatı, hüquqların kollektiv əsasda idarə edilməsi, audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun və kitabın nüsxələrinə yapışdırılması üçün nəzarət markalarının tətbiqi haqqında məlumat verilib. Seminar iştirakçıları, həmçinin “Çağrı Mərkəzi”nin fəaliyyəti, ixtira və faydalı modelin PCT beynəlxalq sistemi vasitəsilə patentləşdirilməsi və onların ilk üç il müddətinə qüvvədə saxlanılması üçün hüquq sahiblərinin ödədiyi xərclərin 50 faizinin dövlət büdcəsindən ayrılan vəsaiti hesabına maliyyələşdirilməsi, habelə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Avrasiya Patent İdarəsi ilə əməkdaşlıq istiqamətində Agentlik tərəfindən aparılan işlər haqqında geniş məlumatlandırılıb.
Əqli mülkiyyət hüquqları xüsusi hüquq olduğu üçün hüquqları pozulmuş şəxslər Agentliklə əməkdaşlığa dəvət olunub.
Diqqətə çatdırılıb ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üzv-dövlətlərin Baş Assambleyasının keçən il keçirilən 64-cü iclasında Agentliyin İdarə Heyətinin sədri Kamran İmanovun 180-dək ölkəni birləşdirən “Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası İttifaqı”nın Assambleyasının növbəti dəfə sədri seçilməsi faktı Azərbaycanın Əqli Mülkiyyət sahəsində əldə etdiyi uğurlara dünya miqyasında verilən qiymətdir.
Sonda Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin məsləhətçisi Həsən Musayevə, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin məsləhətçisi Kənan Eyvazlıya seminarda iştiraka görə beynəlxalq sertifikatlar təqdim olunub.