“Hyundai” şirkətinin əməkdaşları tətilə başlayır
Pekin, 12 noyabr, AZƏRTAC
Cənubi Koreyanın “Hyundai” şirkətinin ağır texnika istehsalı ilə məşğul olan törəmə müəssisəsi “Hyundai Heavy Industries”in əməkdaşları əməkhaqqının və mükafatların çoxaldılması tələbi ilə tətilə başlayacaq.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, tətil barədə qərar müəssisənin həmkarlar təşkilatında səsvermə yolu ilə qəbul olunub. Təşkilat üzvlərinin 90 faizi tətilin lehinə səs verib.
Həmkarlar təşkilatının əməkhaqqının artırılmasına dair şirkət rəhbərliyi ilə avqustdan bəri keçirdiyi 17 görüşdə razılıq əldə olunmayıb. Həmkarlar İttifaqı hər nəfərə əməkhaqqının 120 min von (təxminən 100 ABŞ dolları) artırılmasını və işçilərin əməyinin keyfiyyət qiymətləndirilməsi ilə bağlı qaydalar tərtib etməsini tələb edir.
Həmkarlar təşkilatının gələn həftə seçiləcək yeni rəhbərliyi tətilin nə vaxt başlayacağını müəyyən edəcək.
Qeyd edək ki, dünyada ağır texnika istehsalı ilə məşğul olan ən böyük şirkətlərdən biri “Hyundai Heavy Industries” konserni planetin ən iri gəmiqayırma şirkətidir. “Hyundai Heavy Industries” dünya üzrə gəmi istehsalının 17 faizini, gəmi mühərriki istehsalının isə 30 faizini təmin edir. Şirkətin Cənubi Koreya ilə yanaşı, Çin, ABŞ və Bolqarıstanda zavodları, Macarıstanda isə araşdırma mərkəzi fəaliyyət göstərir. Ümumi işçi sayı 25 mindən çoxdur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin