DÜNYA
I RAMZESİN MUMİYASI 132 İLLİK “MÜHACİRƏT”DƏN MİSİRƏ QAYTARILMIŞDIR
I Ramzesin mumiyası Luksor yaxınlığında yerləşən Deyr-əl-Bəhari vadisindən XIX əsrin 70-ci illərində oğurlanmış və qaçaqmalçılıq yolu ilə Şimali Amerikaya aparılmışdı. Orada mumiyanı Kanada muzeylərindən biri almış və o, yüz ildən çox muzeyin anbarında saxlanılmışdır. Ötən il muzeyin digər eksponatları ilə yanaşı, bu mumiyanı da Atlantadakı Maykl Karlos muzeyi almışdır. Bu il onun Birləşmiş Ştatlar tərəfindən Misirə verilməsi barədə saziş əldə edilmişdir. Bu, fironun ehramlar ölkəsinin hüdudlarından kənarda olan yeganə mumiyası idi.
Ahıl yaşında taxt-taca çıxmış və cəmi iki ilə qədər hökmdarlıq etmiş I Ramzesin cənazəsi 132 illik “səyahət”dən sonra yenidən Luksora gətiriləcəkdir.