İBRAHİM MUSTAFAYEVİN ÇIXIŞI
Gəncliyin böyük qüvvə olduğunu diqqətə çatdıran natiq vurğuladı ki, tarix dəfələrlə sübut edib: ictimai-iqtisadi formasiyaların dəyişdiyi hər bir dövrdə cəmiyyətin ahəngdar inkişafında, milli dövlət quruculuğunda gənclərin fiziki və mənəvi tərbiyəsinin və onların ictimai-siyasi şüurunun düzgün istiqamətdə formalaşmasının çox mühüm əhəmiyyəti vardır. Gəncliyi gələcəyimiz adlandıran cənab Heydər Əliyev dövlət quruculuğu prosesində əsas diqqəti məhz gənclərin fiziki və mənəvi tərbiyəsinə yönəltmişdir. Heç kəsə sirr deyil ki, yaxın keçmişdə - bir-birinə zidd olan iki sistemin siyasi, iqtisadi müharibəsi dövründə də gənclər əsas hədəf olmuş, onların potensialından geniş istifadə edilmişdir.
Yeni Azərbaycan Partiyasının gənc üzvləri olaraq, biz “GƏNCLİYİN SEÇİMİ - HEYDƏR ƏLİYEVDİR” seçimini 1992-ci ildən etmişik. İndi respublikamızda fəaliyyət göstərən çoxsaylı gənclər təşkilatlarının bu addımı atması təsadüfü deyildir. Aydın bir həqiqətdir ki, keçən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini əldə etmiş Azərbaycan dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. O zaman köhnə təfəkkürlə düşünən, milli dəyərləri tanımayan, qətiyyətsiz, iradəsiz dövlət başçıları təbii ki, Azərbaycanın istiqlalını gerçəkləşdirmək iqtidarında ola bilməzdilər. Odur ki, ruhuna müstəqillik ideyası hakim kəsilmiş xalqımız bu fərsiz rəhbərləri siyasi səhnədən süpürüb atdı.
Lakin 1992-ci ildə xalq hərəkatının kükrəyən dalğasında hakimiyyətə gələn siyasi demaqoqlar və avantürüstlər ölkəni fəlakət həddinə gətirdilər. Belə bir məqamda xalqımız öz nicatını cənab Heydər Əliyevdə tapdı. Onun hakimiyyətə gəlişi ilə respublikamızın bütün həyatında irəliləyişlərə nail olundu, o cümlədən gəncliyin ləyaqəti, şərəfi özünə qaytarıldı.
Bu gün respublikamızın siyasi həyatına yeni təfəkkürə və dünyagörüşə malik gənclik qədəm qoyur. Bu gənclik demokratiyanın və müstəqilliyimizin təminatçısı olmaqla, XXI əsrdə Heydər Əliyev siyasi kursunun, Azərbaycan siyasətinin davam etdiriləcəyinə ən etibarlı zəmanətdir. Gənclərimizin cənab Heydər Əliyevin ideyaları ətrafında sıx birləşməsi bu zəmanəti daha da gücləndirir, Azərbaycanımızın gələcək inkişafı üçün yeni-yeni nailiyyətlər müəyyənləşdirir. Cənab Heydər Əliyevin siyasəti alternativsizdir, əvəzedilməzdir və milli tərəqqi kursudur. Ona görə də bu seçim ətrafında birləşməyimiz zamanın tələblərindən, xalqımızın maraqlarından, tarixən formalaşmış milli, siyasi, ictimai, tarixi ideyaların tələblərindən irəli gəlir.
Lakin ümumi işimizə kölgə salmağa çalışan, gənclər hərəkatına mane olan, gənclərimizin gücündən ümummilli məqsədlər üçün deyil, şəxsi məqsədlər naminə istifadə edən qüvvələr öz niyyətlərinə çatmaqdan ötrü dəridən-qabıqdan çıxacaqlar. Biz bunları görürük və seçimimizi etmişik. Bu seçim Heydər Əliyev siyasətidir, yoludur. Bu yol, eyni zamanda, müstəqilliyimizin əbədiliyinin qorunması, xoşbəxt və firavan gələcəyimizin təmin olunması yoludur. Eyni zamanda, bu yol milli satqınlardan, xəyanətkarlardan, məddahlardan xilas olmaq yoludur. Bu arzu işığında hamınıza uğurlar arzulayıram. Biz birləşərək, layiqli qələbəmizin təmin olunmasında yaxından iştirak edəcəyik.