İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrinin heyətinə maliyyə üzrə təlim keçirilib
Şəki, 10 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Avqustun 10-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə departamenti tərəfindən Şəki rayonunda ölkənin şimal-qərb bölgəsinin xəstəxanalarının maliyyə, sığorta, insan resursları və digər inzibati, idarəetmə sahələri üzrə çalışan əməkdaşları üçün maliyyə hesabatları və mühasibatlığa dair təlimlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan “İcbari tibbi sığorta əlavəsi və bonusların hesablanma qaydası” və “İllik maliyyə hesabatlarının tərtib olunması qaydası” mövzularında təlimlərə Şəki, Zaqatala, Balakən, Qax, Oğuz və Qəbələ Rayon Mərkəzi xəstəxanalarının, həmçinin Zaqatala və Qəbələ Müalicə-Diaqnostika mərkəzlərinin müvafiq işçi heyəti cəlb olunub.
Təlimlərin məqsədi regionlarda icbari tibbi sığortanın tətbiq olunduğu xəstəxanaların əməkdaşlarına icbari tibbi sığorta əlavəsi, bonusların hesablanma qaydası və illik maliyyə hesabatlarının tərtib olunmasına dair təlimat verilməsidir.
“İcbari tibbi sığorta əlavəsi və bonusların hesablanma qaydası” mövzusunda birinci təlimdə Agentliyin Maliyyə departamentinin məsul əməkdaşları Yadigar Mahmudzadə və Fidan Əliyeva “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” Qaydanın tətbiqinə dair təqdimatla çıxış ediblər. Təlimdə iştirakçılara Qaydaya edilən dəyişikliklər, sabit həvəsləndirici və işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin hesablanması barəsində geniş məlumat verilib.
“İllik maliyyə hesabatlarının tərtib olunması qaydası” adlı növbəti təlimdə isə Agentliyin Maliyyə departamentinin məsul əməkdaşları Emil Əhmədov, Hüseyn Qəhrəmanov və Nisə Qurbanlı mühasibat uçotunun və maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun aparılması qaydaları, həmçinin mühasibatlıq biliklərinə dair təqdimatı iştirakçıların diqqətinə çatdırıblar.
Hər iki təlimin sonunda Agentlik əməkdaşları tərəfindən tədbir iştirakçılarının sualları ətraflı şəkildə cavablandırılıb.
Qeyd edək ki, sözügedən təlimlər bu həftə ərzində Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Samux, Göygöl, Goranboy, Şəmkir, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Xocalı, Ağstafa, Qazax və Tovuz Rayon Mərkəzi xəstəxanalarının və Qazax, Tovuz Müalicə-Diaqnostika mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Gəncə şəhərində və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Naftalan, Ağdaş, Yevlax, Göyçay və Ucar Rayon Mərkəzi xəstəxanalarının əməkdaşlarının iştirakı ilə Mingəçevir şəhərində keçiriləcək. Eyni zamanda, Agentlik tərəfindən növbəti mərhələdə bu tədbirlərin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu daxil olmaqla, ölkənin bir sıra bölgələrində təşkil olunması planlaşdırılır.
Agentlik gələcəkdə də icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrinin maliyyə sahəsi üzrə əməkdaşlarının peşəkarlığının artırılması məqsədilə silsilə tədbirlərini davam etdirəcək.