İctimai müəssisələrdə, seçki dairələrində və məktəblərdə yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirilib
Bakı, 5 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Bakıda Nizami rayon 328 nömrəli tam orta məktəbdə, Nərimanov rayon 177 nömrəli tam orta məktəbdə, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabad rayon Mədəniyyət Mərkəzində, Salyan şəhər 59 saylı Seçki Dairəsinin 13 saylı seçki məntəqəsində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağcabədi rayon Qaradolaq kənd tam orta məktəbdə, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Quba şəhər 52 saylı Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində maarifləndirmə tədbirləri keçirib.
FHN-dən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında çıxışlar edilib. Eləcə də həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.
Həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi vurğulanıb. İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib.
Tədbirlərdə yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.