II və III qruplar üzrə ixtisas seçimi zamanı nələrə diqqət yetirməli?
Bakı, 17 avqust, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabça nəşr edib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçada II və III ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub.
DİM nəzərə çatdırır ki, I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün bu kitabçalar yaxın günlərdə (bu ixtisas qrupları üzrə imtahanın nəticəsi ilə bağlı apellyasiya başa çatdıqdan sonra) çap ediləcək.
Kitabçaları Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi,28 və Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Kitabçanın elektron versiyasını isə (PDF formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).