İİTKM-də Varşava Şərq Tədqiqatları İnstitutunun nümayəndəsi ilə görüş keçirilib
Bakı, 6 oktyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Varşava Şərq Tədqiqatları İnstitutunun proqram koordinatoru, Cənubi Qafqaz regionu üzrə məsul şəxs Pyotr Sieniavski ilə görüşüb.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Vüsal Qasımlı Varşava Şərq Tədqiqatları İnstitutunun təşkilatçılığı ilə təşkil olunan ənənəvi İqtisadi forum çərçivəsində Azərbaycanın Avropadan olan tərəfdaşlarla iqtisadi artım, logistika, regional infrastruktur və enerji təhlükəsizliyi mövzusunda təcrübə mübadiləsi baxımından əməkdaşlığını əhəmiyyətli hesab edib. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə “yaşıl iqtisadiyyat”, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin icrasına Polşadan olan investorların cəlb edilməsi və özəl sektorun inkişafında biznes əlaqələrinin qurulması potensialı barədə məlumatlar verib.
Varşava Şərq Tədqiqatları İnstitutunun proqram koordinatoru Pyotr Sieniavski həm iqtisadi islahatların təhlili, illik iqtisadi icmalların hazırlanması və iqtisadi forumlar çərçivəsində təmsil etdiyi qurumun Mərkəzlə əməkdaşlıqda maraqlı olduğunu bildirib. O, Varşava Şərq Tədqiqatları İnstitutunun Avropanın beyin mərkəzləri, akademik dairələri, rəsmi qurumlar və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən İqtisadi forumda Azərbaycanın da yaxından iştirakının təmin olunmasına dəstək verməyə hazır olduqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, Polşanın Karpaç şəhərində hər il keçirilən İqtisadi forum Mərkəzi və Şərqi Avropanın ən böyük konfransı olmaqla, son 30 ildə dünyanın hər yerindən siyasi, iqtisadi və sosial liderləri bir araya gətirir. İqtisadi forumda Avropa, Şimali Amerika və Asiyadan hökumətlər, siyasət, biznes, elm və mədəniyyət nümayəndələrindən ibarət 4 minə yaxın qonaq iştirak edir.