İki assosiasiya əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvlərinin V ümumrespublika yığıncağı keçirilib
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 25-də keçirilən Azərbaycan Nar İstehsalçıları və İxracatçılarının (ANİİA) üzvlərinin V ümumrespublika yığıncağı çərçivəsində ANİİA və Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, yığıncaqda 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran məsələlər, mövsümqabağı görüləcək işlər və ixrac potensialı müzakirə olunub.
Tədbirdə assosiasiyanın sədri Fərhad Qaraşov 2018-ci ildə ANİİA-nın fəaliyyətinin məhsuldar keçdiyini, üzvlərin sayının 2017-ci illə (28 üzv) müqayisədə artaraq 34-ə çatdığını, assosiasiyanın yerli və beynəlxalq sərgilərdə iştirak etdiyini, sosial layihələr və digər tədbirlər barədə danışıb.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) yanında İxracatçılar Klubunun rəhbəri Zöhrab Qədirov klubun fəaliyyəti barədə məlumat verib.
ANİİA-nın icraçı direktoru Yusif Axundov isə assosiasiyanın 2018-ci ildəki fəaliyyətindən danışıb. Assosiasiya üzvləri qarşıda duran vəzifələr və problemləri müzakirə ediblər. Bu problemlərin həlli üçün müvafiq dövlət qurumlarına assosiasiya sədri və üzvləri tərəfindən müraciət olunması qərara alınıb.
Yığıncaqda ANİİA və Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında kənd təsərrüfatı və emal sahələri üzrə birgə təlim, maarifləndirmə, təşviq işləri və digər tədbirlərin həyata keçirilməsi; kənd təsərrüfatı sahəsində qadınlar arasında məşğulluğun artırılması məqsədilə praktik tədbirlərin hazırlığının keçirilməsi və digər istiqamətlərdə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Tədbirdə müxtəlif qurumların nümayəndələrinin çıxışları dinlənilib.