İki universitetin tələbələri ingilis dilində “açıq dərs”də iştirak ediblər
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Universitetində “Ailə məsələləri” mövzusunda ingilis dilində “açıq dərs” keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, “açıq dərs”də bu ali məktəbin tərcümə ixtisasının və Azərbaycan Dillər Universitetinin (ADU) təhsil fakültəsinin tələbələri iştirak ediblər.
İnteraktiv şəkildə keçirilən “açıq dərs”də ADU-nun tələbələri “Ailə məsələləri” mövzusunda təqdimatla çıxış ediblər. Təqdimatda Şərq və Avropa ölkələrində ailə münasibətləri, təkuşaqlı, çoxuşaqlı və təkvalideynli ailə, valideynlərin boşanması və bu kimi digər məsələlərdən söz açılıb.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. ADU-nun tələbələri “Qaynana” filmindən kiçik bir səhnə canlandırıblar.
“Açıq dərs”i Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva da izləyib.
Tədbirdə ADU-nun linqvokulturologiya kafedrasının müdiri, professor Məsmə Qazıyeva, baş müəllimi Dinara Muxtarova, Azərbaycan Universitetinin xarici dillər kafedrasının müdiri Samirə Məmmədova, kafedranın baş müəllimi Fəzilə Zakirova iştirak ediblər.