İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ AZƏRBAYCAN ÖVLADLARININ QƏHRƏMANLIĞI HEÇ VAXT YADDAŞLARDAN SİLİNMƏYƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, mayın 8-də Qaradağ rayonunda 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 63 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Hüseyn İsrafilov, ictimaiyyət nümayəndələri veteranları Qələbə günü münasibətilə təbrik edərək, müharibə qəhrəmanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoymuş, tər çiçəklər düzmüşlər.
Sonra Böyük Vətən müharibəsi veteranları üçün bayram süfrəsi açılmışdır.
İcra hakimiyyəti başçısının müavini Zemfira Şıxəliyeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müharibə qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsində, veteranlara qayğı göstərilməsində xidmətlərini xüsusi vurğulamış, bu xəttin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirmişdir. Qeyd etmişdir ki, hazırda Qaradağ rayonunda yaşayan 43 müharibə veteranı qayğı ilə əhatə olunmuşdur. Onlar indi də xalqa sədaqətlə xidmət göstərir, böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində fəal ictimai iş aparırlar.
Natiq bildirmişdir ki, mayın 9-da bütün sülhsevər insanlar faşist Almaniyası üzərində böyük Qələbənin 63-cü ildönümünü qeyd edəcəklər. Avropanın, demək olar, bütün ölkələrinin cəlb olunduğu ən dağıdıcı müharibə 50 milyondan çox insanın həyatına son qoymuşdur. Onların arasında yüz minlərlə Azərbaycan övladı da vardır.
Bayram münasibətilə hər bir müharibə veteranına maddi yardım göstərilmişdir.