Azərbaycanlı sənətkar Qazaxıstanda Dövlət İmtahan Komissiyasına rəhbərlik edib
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Prezident mükafatçısı Toğrul Əsədullayev Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyi və Kulyaş Bayseitova adına Qazaxıstan Milli İncəsənət Universitetinin dəvəti ilə bu təhsil müəssisəsində “Xalq çalğı alətləri” ifaçılığı üzrə keçirilən Dövlət İmtahan Komissiyasında sədr qismində iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlət imtahanında müxtəlif alət ifaçılarının çıxışları dinlənilib və komissiya tərəfindən qiymətləndirilib.
Toğrul Əsədullayev, həmçinin universitetdə ustad dərsi də keçib. O, dərs zamanı kamança ifaçılığının Azərbaycan xalqının ənənəvi musiqisində, xüsusilə muğam sənətində (muğam dəsgahlarında, zərbi muğamlarda) təcəssümü, eləcə də bəstəkar yaradıcılığında bu alət üçün yazılmış əsərlər haqqında geniş məlumat verib. Sənətkar nəzəri fikirlərini əyani şəkildə nümayiş etdirib, həmçinin kamançanın tədrisi ilə bağlı aktual məsələlərə toxunub.
Səfər çərçivəsində azərbaycanlı musiqiçi Dövlət İmtahan Komissiyasındakı fəaliyyətinə və keçirdiyi ustad dərsinə görə “Təşəkkürnamə” ilə təltif olunub.