Hicran Hüseynova: Əsas məsələ uşaqları təhlükələrdən qoruyan rəqəmsal mühitin yaradılmasıdır
Bakı, 8 iyun, AZƏRTAC
Uşaqların zərərli təsirlərdən qorunması, onların sağlam böyüməsi üçün hərtərəfli şəraitin yaradılması və dəstəyin verilməsi dövlətin sosial siyasətinin tərkib hissəsidir. Bu gün bir çox dövlətin qarşısında dayanan vacib məsələ internet təhlükəsizliyidir. Sosial şəbəkələrin həyatın ayrılmaz hissəsi olduğu dövrdə, uşaqların psixoloji sağlamlığı üçün nəzarətsiz istifadənin qarşısının alınması vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsində komitə sədri Hicran Hüseynova deyib.
Komitə sədri qeyd edib ki, hazırda sual "qadağan etmək və ya etməmək" deyil. Əsas məsələ - uşaqları inkişaf, öyrənmə və sosial qarşılıqlı əlaqə üçün vacib imkanlardan məhrum etmədən real dünya təhlükələrindən qoruyan rəqəmsal mühitin yaradılması məsələsidir.
O bildirib ki, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaya və milli qanunvericiliyə əsasən 18 yaşadək şəxslərin uşaq sayıldığını nəzərə alaraq, onların sosial şəbəkə platformalarının təsirlərindən qorunması üçün 16 yaşadək və 16-18 yaşarası yanaşması seçilib. 16 yaşadək uşaqların platformalarda hesab yaratmasına yol verilmir, 16-18 yaşarası uşaqlar isə bunu valideyn icazəsi ilə edə bilərlər. Uşaqların inkişafına diqqət verilərək təhsil və səhiyyə məqsədləri üçün bu imkanlardan sərbəst istifadə etmək olar. Qanun dəyərli məqsədə - uşaqların müdafiəsinə xidmət edir. Uşaqların sosial şəbəkələrinin zərərli təsirlərdən qorunması günümüzün tələbidir.
Fotoqraf - Aydın Məmmədov