Səfir: Səyyar ASAN xidmətin Gürcüstana gəlməsi bir daha sübut edir ki, dövlətimiz xaricdə yaşayan vətəndaşlarımıza daim diqqət göstərir
Tbilisi, 8 iyun, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyində fəaliyyət göstərən konsulluq bölməsi qanunvericiliklə müəyyən edilmiş bir çox istiqamətlər üzrə xidmətlər göstərir. Lakin bəzi xidmətlər konsulluğun səlahiyyətlərinə aid deyil. Ona görə də Səyyar ASAN xidməti Gürcüstana dəvət etdik.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib.
O deyib ki, Gürcüstanda çox sayda Azərbaycan vətəndaşları yaşayırlar. Onların bəziləri əmək fəaliyyəti ilə məşğuldur, bir çoxları təhsil alırlar: “Bəzi hallarda onların şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi, məhkumluq məsələləri ilə bağlı problemləri olur. Həmin şəxslərin xahişləri və müraciətləri əsasında Azərbaycanın Xarici İşlər Nazirliyi ilə “ASAN xidmət”in birgə təşəbbüsü və təşkilatçılığı ilə ilk dəfə olaraq Tbilisi şəhərində Səyyar ASAN xidmət fəaliyyət göstərdi. Bu xidmət 3 gün ərzində Azərbaycan vətəndaşlarının yuxarıda sadalanan problemlərinin həllinə yardım etdi. Yaxşı bir layihə ərsəyə gəldi. Bizim vətəndaşlar bu xidmətlərdən faydalandılar və nəticələr də göz önündədir. Bütün bunlar bir daha sübut edir ki, dövlətimiz xaricdə yaşayan vətəndaşlarımıza daim diqqət və qayğı göstərir”.
Səfir qeyd edib ki, Prezident İlham Əliyevin Fərmanı əsasında yaradılmış “ASAN xidmət” ilk mərhələdə yalnız ölkəmizin daxilində xidmətlər göstərirdi. “Xarici İşlər Nazirliyi dövlətimizin başçısının tapşırıqlarına əsasən, müxtəlif istiqamətlərdə konsulluq xidmətlərinin daha da təkmilləşdirilməsi ilə bağlı vacib islahatlar aparır. Bu da, əlbəttə ki, vətəndaş məmnunluğunu artırır. Görürük ki, vətəndaşlarımızın harada yaşamasından asılı olmayaraq, “ASAN xidmət” oradadır və yüksək xidmət göstərir”, - deyə Faiq Quliyev diqqətə çatdırıb.