Litva səfiri: Ortaq tarixi yaddaş xalqlarımız arasında həmrəyliyi gücləndirir
Bakı, 8 iyun, AZƏRTAC
Tarixin faciəli səhifələrinin xatırlanması və gələcək nəsillərə çatdırılması Azərbaycan ilə Litva arasında dostluğun və həmrəyliyin möhkəmlənməsinə xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus deyib.
Səfir bildirib ki, Azərbaycan və Litva xalqları XX əsrdə sovet repressiyalarının ağır nəticələri ilə üzləşib. Onun sözlərinə görə, hər iki ölkə bu faciəli tarixi yaddaşı yaşatmalı və gənc nəslə ötürməlidir.
“Tariximizin faciəli səhifələrini birlikdə yad etməyimiz çox vacibdir. Gənc nəsil bilməlidir ki, Litva xalqı da 1930-cu illərdə baş verən Stalin repressiyalarının Azərbaycan xalqına yaşatdığı ağrını anlayır və bölüşür. Həmin repressiyalar nəticəsində çoxlu sayda ziyalılar və şairlər həyatlarını itiriblər”, – deyə diplomat vurğulayıb.
K.Vaşkeleviçus qeyd edib ki, Litvada da 300 mindən çox insan sovet repressiyalarının qurbanı olub. Bu səbəbdən həmin dövrün tarixinin və qurbanlarının xatirəsinin qorunması xüsusi əhəmiyyət daşıyır.
Səfirin sözlərinə görə, ortaq tarixi yaddaş xalqlar arasında həmrəyliyi gücləndirir, ölkələrin müstəqilliyini möhkəmləndirir və onları xarici təsirlərə qarşı daha dayanıqlı edir.
Azərbaycan–Litva münasibətlərinin humanitar və mədəni aspektlərinə toxunan diplomat bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi üçün birgə mədəni layihələrin, tərcümə proqramlarının və gənc yaradıcı şəxslər arasında mübadilə təşəbbüslərinin artırılmasına ehtiyac var.
“Azərbaycanın repressiyalar tarixi, mədəniyyəti və müasir incəsənəti ilə bağlı daha çox kitabın Litva dilinə tərcümə olunmasını, həmçinin gənc rəssamlar və mədəniyyət xadimləri arasında əlaqələrin genişlənməsini faydalı hesab edirəm. Bakıda müşahidə etdiyim zəngin və dinamik mədəni həyat Litvada da daha yaxından tanınmalıdır”, – deyə K.Vaşkeleviçus əlavə edib.