İkinci qrant müsabiqəsinə 200 müraciət daxil olub
Bakı, 22 dekabr, AZƏRTAC
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin elm və dəstək layihələrinin maliyyələşdirilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elan edilmiş 2-ci qrant müsabiqəsinə sənəd qəbulu başa çatıb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, ümumilikdə müsabiqəyə 200 müraciət daxil olub. KOB subyektlərinə məxsus layihələrin 93-ü hüquqi, 101-i fiziki şəxslərə, o cümlədən 186-sı mikro, 5-i kiçik, 3-ü isə orta sahibkarlıq subyektlərinə məxsusdur. Təqdim olunmuş layihələrin əksəriyyəti dəstək sahəsi üzrədir. Hazırda layihələr Ekspertlər Komissiyası tərəfindən qiymətləndirilir. Nəticələr fevralın 10-dan sonra KOBİA-nın www.smb.gov.az saytı vasitəsilə açıqlanacaq. Maliyyələşdirilməsi barədə müsbət qərar qəbul olunacaq layihələrin hər birinə 20 min manata qədər vəsait ayrılacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq, KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə 2021-ci ildən başlanılıb. Bu məqsədlə keçirilmiş ilk qrant müsabiqəsi çərçivəsində KOB subyektlərinin 15 layihəsi maliyyələşdirilib. Dəstək mexanizmi barədə ətraflı məlumatla bu linkdən - https://bit.ly/3mjXLsa tanış ola bilərsiniz.