İKT sferası infrastrukturunun effektiv formalaşması və idarə olunması xüsusiyyətləri tədqiq olunur
Bakı, 16 avqust, AZƏRTAC
İnformasiya-kommunikasiya texnologiyaları (İKT) iqtisadiyyatın mühüm tərkib hissəsidir. Beynəlxalq təcrübə göstərir ki, İKT sahəsində yaradılan hər bir yeni iş yeri iqtisadiyyatın digər sektorlarında 2-4 yeni iş yerinin yaranmasına təkan verir. İKT sektorunda innovasiyalara üç trend daxildir: məlumatların çoxluğu, onlardan istifadənin daha da asanlaşması və emal imkanlarının artması.
AMEA İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildirilib ki, bu barədə iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev rəhbərlik etdiyi şöbənin elmi seminarında məlumat verib.
“İKT sferası infrastrukturunun effektiv formalaşması və idarə olunması xüsusiyyətləri” adlı məruzə ilə çıxış edən dosent Ə.Əliyev mövzunun aktuallığını şərtləndirən amillər haqqında məlumat verib.
İKT sektorunun infrastruktur və institusional formalaşma problemlərindən danışan şöbə müdiri İKT əsaslı iqtisadiyyatın formalaşması və inkişafının elektron biznes, elektron ticarət, elektron kommersiya və rəqəmsal iqtisadiyyata, cəmiyyətin siyasi əsası olan elektron seçki, elektron hökumət və elektron demokratiya texnologiyalarına əsaslandığını söyləyib.
Məruzəçi beynəlxalq təşkilatların İKT və innovasiya indeksləri barədə də məlumat verib. O, İKT sektoru və məhsullarının ticarəti üzrə əsas göstəricilər, ev təsərrüfatları və əhalinin İKT-dən istifadə etməsi, müəssisələrdə İKT sistemləri və onlara giriş, regionlar üzrə müəssisələrin İKT göstəricilərindən bəhs edib.
Sonda İKT sferası infrastrukturunun effektiv formalaşması və idarə olunması xüsusiyyətlərinə dair müzakirələr aparılıb, suallar cavablandırılıb.