İl ərzində dünya üzrə planşetlərin satış həcmi 36,7 faiz artmışdır
Bakı, 12 noyabr (AZƏRTAC). Cari ilin üçüncü rübündə planşet kompyuterlərin dünya üzrə satış həcmi ötən rüblə müqayisədə 7 faiz artaraq 47,6 milyona çatmışdır. Bu barədə “International Data Corporation” (IDC) şirkətinin ilkin məlumatlarında deyilir.
Nəticə tədqiqat şirkəti nümayəndələrinin proqnozlarından bir qədər aşağı olmuşdur. Belə ki, 2012-ci ilin üçüncü rübünə nisbətdə göstərici 36,7 faiz artmışdır.
“IDC”-nin məlumatına görə, bazarda aparıcı mövqeyi “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular tutmuşdur.
ABŞ-ın “Apple” şirkəti dünyanın nəhəng planşet istehsalçıları arasında lider olaraq qalır. Lakin şirkətin nə ikinci, nə də üçüncü rübdə bazara yeni qurğu çıxarmaması səbəbindən “iPad” modelinin tədarükündə ötən illə müqayisədə cüzi artım qeydə alınmışdır. Bununla yanaşı, ABŞ istehsalçısının bazar payı 29,6 faizlik tarixi minimuma enmişdir.
2012-ci ilin sonunda “Apple” yeni qurğuların təqdimatının dördüncü rübə keçirilməsi ilə bağlı qərar qəbul etmişdir. Bu səbəbdən “IDC” ekspertləri ilin sonunda yeni “iPad Air” planşetinin və “iPad mini” modelinin yenilənmiş versiyasının buraxılmasından sonra şirkətin satışının artım tempinin sürətlə artacağını gözləyirlər.
Reytinqdə ikinci yeri Cənubi Koreyanın “Samsung”, üçüncünü “Nexus 7” planşet istehsalçısı “Asus” şirkətləri tutmuşdur.