İlahiyyat İnstitutunun tələbələri Əlyazmalar İnstitutunda nüsxələrin saxlanma şəraiti ilə tanış olublar
Bakı, 31 yanvar, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup tələbəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.
İlahiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, tələbələr burada Yaxın və Orta Şərq, Şimali Afrika xalqlarının elm və mədəniyyətinə aid türk, ərəb, fars dillərində qiymətli əsərlərlə, eyni zamanda, XIX-XX əsrlərdə yaşamış görkəmli elm və mədəniyyət xadimlərinin şəxsi sənədləri, əvvəlki dövrlərin qəzet və jurnalları, müxtəlif mikrofilm və fotosurətlərlə tanış olublar.
İnstitutda qorunan qədim əlyazmalarla tanışlıq zamanı tələbələrə 1982-ci ildən fəaliyyət göstərən Ekspozisiya zalında Nur Əlişah İsfahani, Nəxşəvi Ziyaəddin, İbrahim Həqqi, Əbu Cəfər ibn Məhəmməd Təbəri, Məhəmməd Füzuli, Seyid Məhəmməd Ürfi Şirazi, Bəvazici, Əhməd Nədim, Əbdürrəhman Cami, Ömər Xəyyam Nişapuri, Əmir Xosrov Dəhləvi, Hafiz Şirazi, Saib Təbrizi, Əssar Təbrizi, Nəsirəddin Tusi, Məhsəti Gəncəvi, Əlişir Nəvai, Mirxond Məhəmməd ibn Xavəndşah, Seyid Əzim Şirvani, Abbasqulu ağa Bakıxanov, eləcə də digər görkəmli elm və mədəniyyət xadimlərinə aid əsərlərin əlyazma nüsxələri haqqında geniş məlumat verilib.
Tələbələr Əlyazmalar İnstitutunda mühafizə olunan nüsxələrin saxlanma şəraiti və bərpası prosesi ilə maraqlanıb, bərpa laboratoriyasında əməkdaşların iş təcrübəsi ilə də tanış olublar.
XVI əsrin əvvəllərində Təbrizdə, əsrin ikinci yarısında isə Qəzvində saray kitablarının bədii emalatxanalarında çalışan, dövrünün ən görkəmli xəttat və rəssamları olan Sultan Məhəmməd, Mir Müsəvvir, Mirzə Əli Təbrizi, Mir Seyid Əli, Müzəffər Əli, Məhəmmədi, Sadiq bəy Əfşar, Siyavuş bəy, Mir Zeynalabdin və başqalarının fəaliyyət göstərməsi barədə ətraflı məlumat alıblar.