İlin ən yaxşı tələbə elmi tədqiqatçısı seçildi
Bakı, 26 dekabr, AZƏRTAC
Dekabrın 26-da Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri arasında “İlin ən yaxşı tələbə elmi tədqiqatçısı” adlı müsabiqənin final mərhələsi keçirilib.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rektor Əhliman Əmiraslanov tədbir iştirakçılarını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edib.
Akademik Ə. Əmiraslanov çıxışında gənclərin elmə marağının daha da artırılmasına ehtiyac olduğunu vurğulayaraq deyib ki, əslində elmə maraq göstərən gənclərə heç nə mane ola bilməz.
Rektor universitetdə alimlər üçün yaradılan şəraitdən, elmi laboratoriyalarla bağlı gələcək planlardan da söz açıb: “Yaxın vaxtlarda universitetdə AMEA-nın dəstəyi ilə Kök Hüceyrə Mərkəzinin qurulması planlaşdırılır. Eyni zamanda, Azərbaycanda əczaçılıq fəaliyyətinin inkişafı üçün bitki xammalı var. Amma dərmanları adətən xaricdən alırıq. Dərman istehsalı üçün xüsusi laboratoriyalar olmalıdır. Əminəm ki, universitetin əczaçılıq fakültəsinin maddi-texniki bazasının möhkəmləndirilməsinə nail olacağıq”.
ATU-nun elmi işlər üzrə prorektoru İbrahim İsayev müsabiqənin şərtləri, qaydaları, reqlamentlər haqqında məlumat verdikdən sonra finalçılar təqdimatlarla çıxış ediblər.
Müsabiqənin ilk turunda hər fakültədən 1 tələbə seçilib. Finalda isə onlar “Ən yaxşı tələbə elmi tədqiqatçısı” adı uğrunda mübarizə aparıblar.
Sonda münsiflər heyətinin qərarı ilə müsabiqədə iştirak edən tələbələrdən 4-ü mükafatlandırılıb.