“İlkin tibbi yardım hər kəs üçündür” layihəsinə yekun vurulub
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən "İlkin tibbi yardım hər kəs üçündür" layihəsi başa çatıb.
Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Gənclər Fondunun 13-cü qrant müsabiqəsinin qalibi olan “İlkin tibbi yardım hər kəs üçündür” layihəsində Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft Sənayesi Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digər universitetlərdən olan 208 tələbə iştirak edib.
Layihənin rəhbəri Cavid Mustafazadə bildirib ki, cəmiyyətin aparıcı təbəqəsi olan tələbələr arasında ilkin tibbi yardıma dair bilik və bacarıqların və onların bu sahədə təşəbbüslərinin artırılmasına nail olmaq, gənclər qrupunun müxtəlif situasiyalarda, təcili hallarda ölüm hallarının azaldılmasına dəstək göstərə bilməsinə yardımçı olmaq layihənin əsas məqsədlərındəndir.
İki gün ərzində layihə çərçivəsində gənclərə müxtəlif təcili vəziyyətlərdə ilkin tibbi yardımın göstərilməsi istiqamətində təlim keçirilib və lazımi qaydalar nümayiş etdirilib. Treninqlər beynəlxalq səviyyəli təlimçi Nabil Seyidov tərəfindən aparılıb. Təlimlərin səmərəliliyinin qiymətləndirilməsi üçün tələbələr testdən keçiblər. Test nəticəsində 70 faizdən yüksək nəticə göstərən iştirakçılara sertifikatlar verilib.
Layihəni uğurla başa vurmuş gənclərdən ibarət “İlkin tibbi yardım” komandasının formalaşdırılması və ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə onların iştirakını təmin etmək nəzərdə tutulur. Ən yüksək nəticə göstərən 10 tələbə iki gün ərzində tam təkmilləşmiş praktiki təlimlər keçmək hüququnu qazanıb və onlar diplom və hədiyyələrlə təltif ediliblər.