İmişli regional ədliyyə idarəsi Horadizdə bələdiyyə nümayəndələri üçün seminar təşkil edib
Bakı, 7 mart, AZƏRTAC
Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə martın 7-də Horadiz şəhərində bələdiyyə nümayəndələri üçün seminar keçirilib.
İmişli regional ədliyyə idarəsindən AZƏRTAC-a bildiriblər ki, idarənin rəisi Hakim Məmmədov seminarda çıxış edərək Ədliyyə Nazirliyinin bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlər, nazirliyin Bələdiyyələrlə İş Mərkəzi və regional ədliyyə idarələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.
İmişli regional ədliyyə idarəsinin əməkdaşları İlkin Savalan və Ruslan İsmayılov seminar iştirakçılarına “Bələdiyyə üzvləri və qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması yerli özünüidarənin rolunu gücləndirir”, “Bələdiyyə aktlarının qəbulu və icrası”, “Bələdiyyələrdə vergi işinin səmərəliyinin artırılması”, “Nağdsız hesablaşmalar və onların məqsədi”, “Bələdiyyə torpaqlarının idarə olunmasının əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri” mövzularında ətraflı məlumat veriblər.
Seminarda İmişli regional ədliyyə idarəsinin əməkdaşları iştirakçıları maraqlandıran sualları cavablandırıblar.