İMİŞLİ YÜKSƏK GƏRGİNLİKLİ ELEKTRİK ŞƏBƏKƏSİNDƏ TƏMİR İŞLƏRİ APARILIR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, payız-qış mövsümündə istehlakçıların elektrik enerjisinə olan tələbatının dayanıqlı və keyfiyyətli ödənilməsi məqsədi ilə İmişli Yüksək Gərginlikli Elektrik Şəbəkəsində (YGEŞ) hazırlıq işlərinə start verilmişdir.
Bu məqsədlə cari ilin ötən iki ayı ərzində şəbəkənin balansında olan müxtəlif gərginlikli elektrik verilişi xətlərinin 54 kilometrə yaxın hissəsində təmir işləri aparılmışdır.
110 kV-lik Yeni Beyləqan yarımstansiyasında 16 MVA, Beyləqan yarımstansiyasında isə 25 MVA gücündə transformatorlar və giriş yağ açarları əsaslı təmir edilmişdir. Böyük Haramı yarımstansiyasında da analoji işlər yerinə yetirilmişdir.
Bundan əlavə, 330 kV-lik İmişli yarımstansiyasında avtotransformatorlarda və transformatorlarda korroziyanın qarşısının alınması məqsədi ilə rənglənmə işləri həyata keçirilmişdir.
Cari ildə Muğan yarımstansiyasından Çahar yarımstansiyasınadək, Xalac yarımstansiyasından Yeni Beyləqan yarımstansiyasına qədər olan və ümumilikdə 26 kilometrdən artıq 35 kV-lik elektrik verilişi xətlərinin yenidən qurulması planlaşdırılmışdır.
İran-Azərbaycan birgə layihəsi üzrə 330 kV-lik İmişli yarımstansiyası genişləndirilmiş və 3 ədəd yeni yuva quraşdırılmışdır. Eləcə də İmişli-Şirvan İES və İmişli-Parsabad arasında 330 kV-lik elektrik verilişi xətlərinin tikintisi yaxın vaxtda başa çatdırılacaqdır.
İmişli RET-in paylayıcı elektrik şəbəkələrinə orta hesabla gün ərzində 2,5 milyon kVt/saata yaxın elektrik enerjisi ötürülür.