İmişlidə keçirilən seminarda Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hüquqi əsasları müzakirə edilib
Bakı, 10 iyul, AZƏRTAC
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Soyqırımı və deportasiya qurbanlarına dəstək" layihəsinin növbəti mərhələsinin icrasını davam etdirir.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində İmişli rayonunda yerli icmaların iştirakı ilə maarifləndirici seminarlar təşkil olunub.
Seminarlarda çıxış edən Birliyin sədri İlqar Hüseynli layihənin məqsəd və vəzifələri barədə məlumat verib. O, deportasiya və soyqırımı siyasətinin Azərbaycan və digər türkdilli xalqların tarixində buraxdığı ağır izlərdən bəhs edib, bu istiqamətdə maarifləndirmə işinin əhəmiyyətini vurğulayıb.
Daha sonra Birliyin hüquq departamentinin əməkdaşı Əlibəy Hüseynli "Azərbaycanlıların Ermənistandan deportasiya tarixi" mövzusunda təqdimatla çıxış edib. O, deportasiya prosesinin mərhələləri, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsas müddəaları və bu istiqamətdə mövcud tarixi zərurətlər barədə məlumat verib. Seminar iştirakçılarına konsepsiyanın əsas müddəalarını və beynəlxalq hüquqi əsaslarını təqdim edərək bildirib ki, bu sənəd soyqırımı və deportasiyaya məruz qalmış digər türkdilli xalqlar üçün də nümunəvi hüquqi model kimi qiymətləndirilə bilər.
Qeyd olunub ki, layihə çərçivəsində maarifləndirici tədbirlər növbəti mərhələlərdə ölkənin digər icmalarında da davam etdiriləcək.