CƏMİYYƏT
İmplant dişin üstünlüyü və gözəlliyi
Bakı, 14 iyun, AZƏRTAC
Son illər stomatologiya sahəsində geniş yayılan implant dişlərdən istifadə olunur. Mütəxəssislərin araşdırmalarına görə, diş implantları təbii dişlərə ən yaxın alternativlərdən biri hesab edilir. İmplant ənənəvi körpü və protezlərdən fərqli olaraq tələffüz etmək, çeynəmə funksiyasını təmin etməklə bərabər, üz quruluşuna da təbii gözəllik verir.
AZƏRTAC xəbər verir ki, həkim-stomatoloq Rəşad Nəsrəddinov deyib: “Əvvəllər arxa hissədən bir diş itirəndə ondan əvvəlki və sonrakı diş də yonulurdu və sağlam dişləri qurban verilirdi. Bəzən elə dişsiz xəstələr olur ki, protez gəzdirmək istəmirlər. İmplantın əsas üstünlüklərindən biri protezdən imtina edən xəstələrin problemini bu üsulla çox rahat həll etməkdən ibarətdir”.
Bu gün implantlar üzərində müxtəlif növ protezləmə əməliyyatları həyata keçirilir. O da bildirilir ki, düzgün diaqnostika və implantoloji müalicə kompleks şəkildə həyata keçirilərsə, uğurlu nəticə əldə etmək mümkündür. Həkimlər tövsiyə edirlər ki, implant ağızda qaldığı müddətdə diş ətlərinin tamamilə sağlam olması vacibdir. Belə xəstənin ümumi sağlamlıq vəziyyəti də yerində olmalıdır. “Bəzi xəstəliklər zamanı implant qoyulmasına daha həssas yanaşılır. Həmin xəstələr ağır şəkərli diabet, nəzarətdə saxlanılmayan diabet xəstələri, osteoparoz, kardiovaskulıyar və ürək xəstələrində, qan axması olanlarda riskli hesab edilir. Lakin nəzarətdə saxlanılanda həmin xəstələrə də implant qoymaq mümkündür”.
Təbii ki, hər kəs gözəl və sağlam dişlərə sahib olmaq istəyir, amma çənə sümüyünə implant yerləşdirərkən ağrı hissinin olub-olmaması sualı hər kəsi daha çox maraqlandırır. “Diş implantları qoydurarkən xəstənin özü də məlumatlı olmalıdır və belə olanda həkim üçün də rahat olur. Məlumatsız xəstəyə izah etmək də çətin olur. Müasir dövrdə bilgi mənbələri çoxdur. Düzgün planlama aparılıbsa, marka düzgün seçilibsə, bu diş çəkilməsindən çox-çox rahatdır. Bir implantın qoyulmağı təxminən 10 dəqiqə vaxt aparır. 30 ildən artıq implant sahəsində sınanılmış markalar var və onların fəsadları sıfıra bərabərdir”,- deyə həkim-stomatoloq bildirib.
İmplantların diş həkimi tərəfindən düzgün yerləşdirilməsi və xəstənin özünün də diş gigiyenasına diqqət yetirməsi vacibdir. Onu da qeyd edək ki, xəstə implantlara yaxşı qulluq edə bilməzsə, fəsadları ortaya çıxa bilər. Əlavə olaraq, siqaret çəkən və çoxlu spirtli içki qəbul edən xəstələrdə implantların davamlılıq səviyyəsi aşağı enir. Stomatologiya sahəsində gedən yeniliklərə baxmayaraq, onların heç biri təbii dişləri əvəz edə bilmir. Ona görə də təbii dişləri qorumaq və onun qayğısına qalmaq lazımdır.