SİYASƏT
İNDONEZİYA QƏZETİ QADINLARIN BEYNƏLXALQ BAKI FORUMUNDAN YAZIR
Azərbaycanın İndoneziyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, İndoneziyanın nüfuzlu “The Jakarta Post” qəzetinin 12 iyun buraxılışında Bakıda keçirilmiş “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” beynəlxalq forumu barədə məqalələr dərc edilmişdir.
Yazılarda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən Bakı forumunda qadınların mədəniyyətlərarası dialoqundan söz açmışdır. Oxuculara forumun müzakirəsinə çıxarılmış məsələlər, iştirakçılar barədə ətraflı məlumat verilmişdir. Materialda 1918-ci ildə Azərbaycanda qadınlara seçib-seçilmək hüququ verildiyi xüsusi vurğulanır.
Yazılarda qadınların mədəniyyətlərarası dialoqla yanaşı, sülh və dözümlülüyü təbliğ etmələri və dəstəkləmələri barədə forum iştirakçılarının çıxışlarından, Azərbaycan Prezidenti İlham Əliyevin tədbirin iştirakçılarına təbrik məktubundan sitatlar gətirilir.
Qəzet Mehriban xanım Əliyevanın çıxışından sitat gətirərək forumun əsas məqsədinin qadınların mədəniyyətlərarası dialoqda rolunun gücləndirilməsi olduğunu bildirir.
Məqalələrdə həmçinin İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin, Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğanın çıxışlarından sitatlar gətirir.
Məqalədə 50 ölkədən 350-ə qədər iştirakçının tədbirə qatıldığı və onların arasında əsasən birinci xanımların, diplomatların, alimlərin, yazıçıların, jurnalistlərin və qadın hüquqları müdafiəçilərinin olduğu diqqətə çatdırılır. Forumun Bakı Bəyannaməsinin qəbul edildiyi bildirilir.