İndoneziyanın aparıcı ANTARA agentliyi Azərbaycanla iqtisadi əlaqələrə dair məqalə yayıb
Cakarta, 7 may, AZƏRTAC
İndoneziyanın ANTARA Dövlət Xəbər Agentliyinin internet portalında Azərbaycanın bu ölkə ilə mövcud iqtisadi əlaqələrinə dair məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan və İndoneziya arasında iqtisadi potensial daha yüksəkdir” adlı məqalədə iki ölkə arasında 2012-2019-cu illər üzrə ticarət dövriyyəsinin ümumi həcminin təqribən 9 milyard ABŞ dolları təşkil etdiyi və reallıqda potensialın bundan daha böyük olduğu bildirilir. Qeyd olunur ki, Azərbaycan İndoneziyaya xam neft, kimyəvi maddələr, qida məhsulları, qara və əlvan metallar ixrac edir. İndoneziyadan isə ölkəmizə palma yağı, qəhvə, kağız, tekstil məhsulları, rezin və əl işi olan sənətkarlıq məhsulları göndərilir.
Son 13 ildə İndoneziyaya xam neft ixrac edən əsas ölkələrdən biri olan Azərbaycan bu ölkə ilə ticarət dövriyyəsinin həcminə görə MDB dövlətləri arasında Rusiyadan sonra ikinci yeri tutur. Böyük təsir bağışlayan bu ikitərəfli ticarət dövriyyəsinin Azərbaycan və İndoneziya arasında əsl iqtisadi potensialı əks etdirmədiyi və gələcəkdə qarşılıqlı fayda gözlənilməklə hər iki ölkənin mövcud potensialından istifadə üçün çox səy göstərməsinin zəruriliyi vurğulanıb. Məqalədə mövcud ikitərəfli iqtisadi əməkdaşlığı genişləndirmək məqsədilə Azərbaycan tərəfindən İndoneziyadakı enerji, mədən, infrastruktur və istehsal sahələrinə investisiyanın qoyuluşunun gözlənildiyi bildirilib.
Yekunda iqtisadi əməkdaşlıq üçün böyük potensialı ilə yanaşı, Azərbaycan və İndoneziyanı bir-birinə yaxınlaşdıran vacib amilin hər iki ölkənin əhalisinin əksəriyyətinin müsəlmanlardan ibarət olması qeyd edilir və ikitərəfli münasibətlərin demokratik dəyərlər üzərində qurulması xüsusi vurğulanır.
Məqalənin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:
https://www.antaranews.com/berita/1471989/potensi-ekonomi-ri-azerbaijan-lebih-besar
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta