İNDONEZİYANIN “TİFAR” HOLDİNQİ AZƏRBAYCANIN İKT SEKTORUNA MARAQ GÖSTƏRİR
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İndoneziyanın xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycanda səfərdə olan “Tifar” Holdinqin prezidenti Abdul Kadir Alatas ilə görüşmüşdür.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, nümayəndələr İndoneziya şirkətlərinin, o cümlədən “Tifar” Holdinqin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə, xüsusilə İKT sektoruna sərmayə qoyuluşunda maraqlı olduqlarını bildirmişlər. Araşdırmalar nəticəsində Azərbaycanın münbit İKT iqliminə sahib olduğunun sübut edildiyini qeyd edən qonaqlar ölkəmizin mobil, GSM digər uyğun sektorlarında fəaliyyət göstərmək arzusunda olduqlarını bildirmişlər.
“Tifar” Holdinqin genişmiqyaslı fəaliyyəti barədə məlumat verən Abdul Kadir Alatas hər iki ölkənin İKT sahəsində investisiya iqliminin daha da yaxşılaşmasına şərait yaradılacağına inandığını bildirmişdir. O, müzakirə olunan məsələlərin növbəti mərhələdə daha dərindən təhlil edilməsi üçün bu il ərzində Azərbaycana səfər edəcək İndoneziyanın rabitə və informasiya naziri Məhəmməd Nuhun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində “Tifar” Holdinqin vitse-prezidentini ölkəmizə göndərməyi planlaşdırdığını bildirmişdir.
Nazir Əli Abbasov İndoneziya şirkətlərinin, xüsusilə “Tifar” Holdinqin Azərbaycanın İKT sektoruna sərmayə qoyuluşunda maraqlı olduqlarını yüksək qiymətləndirmiş və İndoneziya şirkətlərinin ölkəmizin İKT sahəsinə sərmayə qoymaları üçün mümkün olan şəraitin yaradılacağını bildirmişdir.