CƏMİYYƏT
İnfarkt keçirən xəstələrin müalicəsi ilə bağlı yeni layihə hazırlanır
![İnfarkt keçirən xəstələrin müalicəsi ilə bağlı yeni layihə hazırlanır](/files/2022/3/1200x630/16652178002494926686_1200x630.jpg)
Bakı, 8 oktyabr, AZƏRTAC
İnfarkt keçirən xəstələrin müalicəsi ilə bağlı yeni layihə hazırlanır.
AZƏRTAC xəbər verir ki, bunu IV Azərbaycan İnvaziv Kardiologiya Konqresində Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov KİV nümayəndələrinə müsahibəsində deyib.
“Kardiologiya Cəmiyyəti və Səhiyyə Nazirliyi arasında bir neçə layihənin həyata keçirilməsi planlaşdırılır. Bunların sırasında elmi əsaslı, həkimlərin bilik səviyyəsini yüksəltməyə yönələn layihələr ilk yerdədir. Eyni zamanda infarkt keçirən vətəndaşların İcbari Tibbi Sığorta çərçivəsində yeni metodla müayinə və müalicəsini ehtiva edən layihəmiz də həyata keçiriləcək. Burada məqsəd Azərbaycan xalqının ömrünün uzunluğunu artırmaqdır.
Kardioloji ağır xəstələrin müalicəsi və bəzən də onlara erkən müdaxilə edilməsi üçün zamanla bağlı problemlər olur. Bu cür xəstəliklərdə isə zaman olduqca vacib faktordur. Yeni layihəmiz ilə bu problemi aradan qaldırmağa çalışacağıq. Xüsusilə infarkt xəstələrində itirilən vaxt xəstənin həyatını təhdid altında qoyur. Məqsəd bu vaxtı daha da qısaltmaqdır,” deyən U.Rəhimov xatırladıb ki, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da əhali arasında ölümə səbəb olan xəstəliklər sırasında birinci yerdə ürəyin işemik infarktı dayanır.