İnformasiya mədəniyyətinə dair yeni konsepsiya işlənir
Bakı, 31 may, AZƏRTAC
Müasir dövrdə informasiyadan istifadənin səviyyəsi insanların həyat şəraitinə, eləcə də iqtisadi, siyasi, mədəni, elmi inkişaf perspektivlərinə əhəmiyyətli dərəcədə təsir göstərir. İnformasiya və biliklərin sürətli artım tempinə uyğun olaraq insan resurslarına tələblər dəyişir. İnformasiyanın həcmi və məzmunu insanların davranışına, sağlamlığına və psixologiyasına mənfi təsir göstərir.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun dissertasiya şurasının növbəti iclasında dissertant, Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova təqdim etdiyi dissertasiya işinin müdafiəsində bildirib. O qeyd edib ki, dissertasiya işinin məqsədi ümumi mədəniyyət kontekstində fərdlərin informasiya mədəniyyətinə dair mövcud baxışlarının müqayisəli təhlili əsasında yeni konsepsiyanın işlənməsidir.
AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev müasir dövrdə informasiya mədəniyyətinə dair müxtəlif baxışların mövcud olduğunu bildirib. Alim informasiya mədəniyyətinin fəlsəfə, sosiologiya, kulturologiya, informatika, pedaqogika, psixologiya, linqvistika, kitabxanaşünaslıq və s. elm sahələrini təmsil edən alimlər tərəfindən geniş araşdırıldığını, lakin bu məsələlərin kifayət qədər tədqiq olunmadığını bildirib. Akademik bu baxımdan tədqiqatın əhəmiyyətini qeyd edərək, dissertasiya işində əldə olunan nəticələrin elmi yenilik olduğunu vurğulayıb. R.Əliquliyev işin gələcəkdə praktiki sahədə geniş tətbiq olunması üçün kriteriyalar sisteminin işlənildiyini diqqətə çatdırıb.