İQTİSADİYYAT
İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilmişdir
Bakı, 10 aprel (AZƏRTAC). AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “İnformasiya təhlükəsizliyinin elmi-praktiki problemləri” üzrə növbəti elmi seminar keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, institutun doktorantı Davud Rüstəmov “e-dövlət mühitində dövlət sirri təşkil edən məlumatların mühafizəsi sahəsində elmi-nəzəri problemlərin analizi” adlı məruzəsini təqdim etmişdir. O, e-dövlət və dövlət sirri dövr edən informasiya sistemlərinin mahiyyəti, bu sistemlərin təhlükəsizlik problemləri ilə məşğul olan elmi mərkəzlər, laboratoriyalar və alimlər haqqında məlumat vermişdir.
E-dövlət mühitinin formalaşmasının dövlət sirrinin təhlükəsizliyi sahəsində yeni problemlərin meydana gəlməsinə təkan verdiyini bildirən D.Rüstəmov bu sahədə mövcud qanunvericilik aktlarının təkmilləşdirilməsi, milli standartların beynəlxalq standartlar mühitinə inteqrasiyası və informasiya mühafizəsi vasitələrinin yaradılmasının zəruriliyindən danışmışdır.
İnstitutun sektor müdiri İradə Ələkbərova “Viki-mühitdə informasiya müharibəsi problemləri” mövzusunda çıxış etmişdir. Bildirilmişdir ki, qlobal informasiya infrastrukturunun inkişafı, internetdən istifadə etməklə Azərbaycana pozitiv və neqativ təsirlərin güclənməsi ölkəmizdə informasiya müharibəsi texnologiyalarının araşdırılmasına tələbat yaratmışdır.
İ.Ələkbərova Vikipedia ilə əlaqədar statistik məlumatları diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, dünyanın ən populyar 5 saytı sırasına daxil olan Vikipediyada 24 milyon məqalə, 17 milyon şəkil və media faylları mövcuddur. Saytda qeydiyyatda olan istifadəçilərin sayı 34 milyondur. Ay ərzində Vikipediyanın saytına 4 milyard insan daxil olur.
O, həmçinin viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi, onlayn ensiklopediyanın Azərbaycan dilli bölməsində məqalələrin artım dinamikası, ensiklopediyanın inkişafına dövlət dəstəyi və digər məsələlər barəsində söhbət açmışdır.
Sonda suallar cavablandırılmış, məruzələr ətrafında fikir mübadiləsi və müzakirələr aparılmışdır.