“İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının fəaliyyəti yenidən qurulur
Bakı, 10 avqust, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının beynəlxalq elmi bazalarda təmsil olunması istiqamətində tədbirlər gücləndirilməlidir.
AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev onlayn elmi seminarda institutun jurnallarının fəaliyyətinin yenidən təşkili ilə bağlı çıxışı zamanı deyib.
Akademik jurnalların 10 ildən artıqdır ki, informasiya cəmiyyəti ideyalarının yayılması və informasiya texnologiyalarının inkişafına mühüm töhfələr verdiyini söyləyib. Alim institutun jurnallarında dərc olunan məqalələrin dünya elminin tələblərinə cavab verən tədqiqatlara həsr olunduğunu vurğulayıb, jurnalların nəşrində rolu olan hər bir əməkdaşın əməyini yüksək qiymətləndirib, redaksiya heyətinin üzvlərinə dərin minnətdarlığını ifadə edib. Onun sözlərinə görə, müasir dövrdə jurnalların aparıcı beynəlxalq elmi bazalara inteqrasiyası ilə bağlı tələblərin dəyişməsi və yeni çağırışların formalaşması institutun jurnallarının fəaliyyətinin yenidən təşkilini zəruri edib.
Direktor institutun elmi jurnalları ilə bağlı çoxsaylı monitorinq və təhlillərin aparıldığını, elmmetriya saatlarının keçirildiyini, problemlərin aşkarlandığını və jurnalların beynəlxalq akademik bazalarda təmsilçilik məsələləri ilə bağlı fəaliyyət planının hazırlandığını diqqətə çatdırıb. Elmmetriyaya dair keçirilən seminarların institutun elmi fəaliyyətinin səmərəliliyinin artırılmasında, bilik və təcrübələrin bölüşdürülməsində mühüm rol oynadığını vurğulayıb.
Akademik bildirib ki, yüksəkixtisaslı kadrların yetişdirilməsi, dünya elmində gedən proseslərə adekvat olaraq prioritet istiqamətlərdə tədqiqatların aparılması, multidisiplinar problemlərə həsr olunmuş məqalələrin çap olunması hazırda institutun fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.
R.Əliquliyev rəhbərlik etdiyi institutun elmi jurnalların dərc olunması sahəsində müəyyən təcrübəyə malik olduğunu, eləcə də bu qurumun əməkdaşlarının elmi məqalələrinin dünyanın nüfuzlu bazalarına daxil olan nəşrlərdə dərc edildiyini diqqətə çatdırıb.
Akademik “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının beynəlxalq akademik bazalarda təmsil olunması istiqamətində bütün problemlərin tez bir zamanda aradan qaldırılmasının vacibliyini vurğulayıb: “İnstitutun jurnallarının fəaliyyətinin yeni çağırışlara uyğun olaraq yenidən təşkili qarşımızda duran əsas hədəflərdəndir. Bu yöndə hər bir əməkdaş qüvvələrini səfərbər etməli, birlik və fəallıq nümayiş etdirməlidir”.
“Dünyada hər bir elmi qurum əsas etibarilə onun nəşr etdiyi jurnallarla tanınır”, - deyən R.Əliquliyev alim və mütəxəssislərə xarici həmkarlarla elmi əməkdaşlığı genişləndirməyi, jurnallarımızın beynəlxalq status alması istiqamətində tədbirləri gücləndirməyi tövsiyə edib.