İnformasiya Texnologiyaları Universitetinin tələbələri “Azərkosmos” ASC-də olmuşlar
Bakı, 16 noyabr (AZƏRTAC). Noyabrın 16-da İnformasiya Texnologiyaları Universitetinin tələbələri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərkosmos” ASC-nin idarəetmə terminalında olmuşlar.
AZƏRTAC xəbər verir ki, terminalın fəaliyyəti ilə tanışlıq zamanı tələbələrə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi və ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verilmişdir.
“Azərkosmos” ASC-nin mütəxəssisləri tələbələri ilk telekommunikasiya peyki olan “Azərspace-1”-in orbitə çıxarılması, idarə olunması və istismarı işlərinin həyata keçirilməsi prosesi ilə yaxından tanış etmişlər.
Bildirilmişdir ki, 2010-cu il mayın 3-də təsis edilən “Azərkosmos” Qafqaz regionunda əsas peyk operatorudur. Müəssisədə peyk rabitəsi əsasında yayım və genişzolaqlı internet xidmətlərinin göstərilməsi və müştərilərin yüksək etibarlı rabitə platformaları ilə təmin edilməsi istiqamətində intensiv iş aparılır.
“Azerspace-1” telekommunikasiya peykinin inkişaf etmiş dizaynı və qoşulma imkanları dünyada milyonlarla insanın informasiya və rabitə xidmətlərindən geniş istifadəsinə şərait yaradır. Bu peyk Mərkəzi Asiya, Avropa və Afrikanın 50-dən artıq ölkəsini birləşdirən kosmik məkanda əsas rola malikdir.
Sonda tələbələrlə xatirə şəkli çəkdirilmiş və onlara hədiyyələr təqdim olunmuşdur.