İNFORMASİYA TEXNOLOGİYALARINA DAİR BEYNƏLXALQ FORUMLA BAĞLI BRİFİNQ KEÇİRİLMİŞDİR
BMT-nin Azərbaycandakı nümayəndəliyinin ictimai əlaqələr və informasiya şöbəsinin müdiri Fərqan Abbaszadə brifinqi açaraq bildirmişdir ki, respublika hökuməti və BMTİP tərəfindən təşkil olunan bu forum BMT-nin və Beynəlxalq Telekommunikasiya İttifaqının dekabrın 10-12-də Cenevrədə İnformasiya cəmiyyəti üzrə keçirəcəkləri dünya sammitinə hazırlıq mərhələsinin tərkib hissəsidir.
BMT İnkişaf Proqramının baş müşaviri Sultan Hacıyev forum və ümumiyyətlə, İKT sahəsində BMTİP gördüyü işlər barədə ətraflı məlumat vermişdir. O demişdir ki, iki hissədən ibarət olan tədbirin əsas məqsədi iştirakçı ölkələr üçün informasiya-kommunikasiya texnologiyalarına dair milli strategiyalar və elektron idarəçilik mövzusunda müzakirələr keçirməkdir.
Qeyd olunmuşdur ki, forumda ölkənin inkişafı üçün İKT üzrə milli strategiyaların hazırlanması, həyata keçirilməsi, qiymətləndirilməsi və maliyyələşdirilməsi ilə bağlı üzə çıxan problemlərin həlli üçün ən səmərəli yollar və BMT İnkişaf Proqramının yardımı vacib olan sahələr və lazımi işlərin görülməsi üçün strategiya və tərəfdaşlar müəyyən ediləcək, müxtəlif beynəlxalq qurumlar və ekspertlərlə əməkdaşlıq imkanları araşdırılacaqdır.
Noyabrın 8-dək davam edəcək forumda Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyanın 24 ölkəsindən İKT-nin inkişafına cavabdeh olan dövlət qurumlarının, 10-dan çox beynəlxalq təşkilatın nümayəndələri iştirak edəcəkdir.