İQTİSADİYYAT
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunda qrant müsabiqələrinin təşkili müzakirə edilib
Bakı, 22 iyun, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda qrant müsabiqələrinin təşkili və keçirilməsi qaydalarına, qrant müsabiqələri çərçivəsində layihələrin qiymətləndirilməsi meyarlarına dəyişikliklər, növbəti qrant müsabiqəsinin təşkili və cari məsələlər müzakirə edilib.
İclasın gündəliyinə daxil olan istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb və qərarlar qəbul edilib.
Fondun Müşahidə Şurasının sədri, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə indiyədək keçirilmiş qrant müsabiqələrində daxil olan layihələrin keyfiyyətinin yüksəldiyini qeyd edib. O həmçinin, növbəti müsabiqəyə də mahiyyət baxımından innovativ və maraqlı layihələrin təqdim ediləcəyinə ümidvar olduğunu bildirib.
İclasda növbəti qrant müsabiqəsi ilə bağlı nəzərdə tutulan yeniliklər də açıqlanıb.
Qeyd edilib ki, yeni müsabiqənin üç istiqamət - elektron xidmətlərin inkişafı, infrastrukturun təkmilləşdirilməsi, innovativ həllər üzrə aparılması nəzərdə tutulur.
Yay mövsümünü nəzərə alaraq, sənəd qəbulu müddətinin iki ay müəyyənləşdirilməsi, həmçinin yeni qrant müsabiqəsinin bu ilin iyulun 1-dən elan edilməsi də qərara alınıb.