“İNGİLİSCƏ-AZƏRBAYCANCA LÜĞƏT”İN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Respublika kitabxanasından AZƏRTAC-a bildirmişlər ki, Ekson Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilən tədbiri kitabxananın direktoru Leyla Qafurova açmışdır. Tədbirin Prezidentin andiçmə mərasimindən sonra ilk iş gününə təsadüf etdiyini vurğulayan natiq iştirakçılar adından dövlətimizin başçısı İlham Əliyevə uğurlar arzulamışdır.
Yeni lüğətin əhəmiyyətindən danışan L.Qafurova demişdir ki, bu yeni nəşr təkcə azərbaycanlılar üçün deyil, ölkəmizdə çalışan xarici iş adamları və mütəxəssisləri üçün dilimizi öyrənmək baxımıdan əvəzsiz vəsaitdir.
Mərasimdə Azərbaycan Dillər Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Zeydulla Ağayev, ABŞ-da nəşr olunan “Azərbaycan international” jurnalının təsisçisi və baş redaktoru xanım Betti Bleyer, Ekson Azərbaycan Əməliyyat şirkətinin hökumət və ictimaiyyətlə əlaqələr üzrə meneceri Leyla Rzaquliyeva, Milli Məclisin deputatı Asya Manafova, yazıçı-dramaturq Əli Səmədli və başqaları çıxış etmişlər.
Natiqlər bildirdilər ki, lüğət tərtib etmək çətin və məsuliyyətli, eyni zamanda o, minlərlə oxucunun stolüstü kitabına çevriləcək şərəfli bir işdir. 130 min söz, söz birləşməsi və cümlənin daxil olunduğu bu fundamental iş xarici ölkələrdə həm də Azərbaycanı tanıdacaqdır.
Lüğətin işıq üzü görməsində Oruc Türksevərin əməyi yüksək qiymətləndirildi. Vurğulandı ki, o, təkcə lüğətin yazılması təşəbbüsünü irəli sürməyib, eyni zamanda, onun tərtibi prinsiplərini hazırlayıb, rəhbərlik edib, və bu sözlüyün yarıdan çoxunu özü hazırlamışdır.
Mərasimdə belə bir fikir də söyləndi ki, ölkəmizdə indiyədək bu prinsip əsasında “İngiliscə-Azərbaycanca lüğət” mövcud olmayıb. Yəni, böyük məsuliyyət və zəhmət tələb edən belə bir işi heç kim boynuna götürməyə cəsarət etməyib. Amma xalqına, onun elminə xidmət hissi bu lüğətin tərtibçilərini qorxutmamış, onlar qarşılarına qoyduqları vəzifənin öhdəsindən layiqincə gəlmişlər.
Lüğətin Azərbaycan leksikoqrafiyasında ilk addım, təcrübə olduğunu vurğulayan bu sözlüyün baş redaktoru Oruc Türksevər onun ərsəyə gəlməsi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verdi. Onun geniş oxucu auditoriyasının ixtiyarına verilməsində iştirak edənlərin hamısına, xüsusən, sponsorluq etmiş Ekson Azərbaycan Əməliyyat şirkətinin rəhbərliyinə, təmənnasız köməyinə görə Betti Bleyerə dərin minnətdarlığını bildirdi.