CƏMİYYƏT
İnsan alveri qurbanlarının problemləri həll edilir
Bakı, 1 avqust (AZƏRTAC). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi cari ilin ilk yarısında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən istiqamətləndirilmiş 21 nəfər insan alveri qurbanını və müxtəlif QHT-lər tərəfindən yönləndirilən, insan alverinin qurbanına çevrilmək təhlükəsi olan 20 nəfəri müvafiq yardımlarla təmin edib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, onlardan 20 nəfərinə hüquqi, 6 nəfərinə psixoloji, 3 nəfərinə tibbi, 3 nəfərinə isə maddi yardım göstərilib. Həmçinin 8 nəfərin ailələrinə ünvanlı dövlət sosial yardımının təyin olunması hüququna baxılması üçün müvafiq rayonların əhalinin sosial müdafiəsi mərkəzlərinə, 4 nəfərin məşğulluğunun təmin olunması, 1 nəfərin peşə hazırlığı kursuna cəlb edilməsi üçün ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinə müraciət edilib. İki nəfərin sosial xidmət müəssisəsinə, 1 nəfərinin övladının körpələr evi-uşaq bağçasına yerləşdirilməsi, 1 nəfər zərərçəkmişin övladının əlil arabası ilə təmin olunması, daha 1 nəfər zərərçəkmişin hüquqlarının təmin edilməsi üçün aidiyyəti işlər aparılıb.
Qeyd olunan zərərçəkmişlərin bir qismi eyni vaxtda bir neçə yardım növü ilə təmin edilib. Ehtiyac olduğu hallarda ayrı-ayrı zərərçəkmişlər insan alveri və potensial insan alveri qurbanlarının Gəncə Regional Reabilitasiya-Reinteqrasiya Mərkəzində yerləşdirilib. Mərkəz tərəfindən insan alveri haqqında və insan alveri qurbanları ilə davranış qaydaları ilə bağlı ictimai məlumatlılığın artırılması üçün müxtəlif formalarda maarifləndirmə işləri də aparılıb.