İnsan Alverinə Qarşı Mübarizə İdarəsi vətəndaşları diqqətli olmağı çağırır
Bakı, 13 may (AZƏRTAC). Xəbər verdiyimiz kimi, mayın 6-dan 16-dək ölkəmizdə “İnsan alverinə qarşı mübarizə” həftəsi keçirilir.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi (İAQMİ) insan alverinin mahiyyəti, doğurduğu təhlükələr barədə əhalini məlumatlandırmaq üçün tövsiyə məlumat toplusu hazırlamışdır.
Vətəndaşlara tövsiyə olunur ki, xarici ölkədə yüksək ödənişli iş təklif olunduqda tələsməsinlər. Əgər bu cür təklif şirkətdən gəlmişsə, onun xaricdə işə düzəltmə üçün xüsusi icazəsi -lisenziyasının olub olmaması ilə maraqlansınlar. Belə hüquqlara malik olan şirkətlərin siyahısı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində və Azərbaycan Respublikası DİN-in Miqrasiya Xidmətində mövcuddur.
Xarici ölkədə təhsil almaq təklifi olunduqda isə vətəndaşların bu məlumatları bilməsi vacibdir. Xarici ölkədə təhsil almaq üçün mütləq rəsmi müqavilə təqdim edilməlidir, viza - tələbə vizası olmalıdır. Xaricdə təhsil almaq üçün müqavilə təqdim edilərsə, müqavilə mütləq vətəndaşın başa düşdüyü dildə, yəni ana dilində olmalıdır. Vətəndaşın təhsil almağa gedəcəyi ölkənin nümayəndəliyi Azərbaycanda yerləşirsə mütləq ora rəsmi müraciət edilərək təklif olunan təhsil müəssisəsi barədə məlumat alınmalıdır. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət olunmalı, məlumatlar dəqiqləşdirilməlidir.
Xarici ölkədə ailə qurmaq təklifi də təhlükəli ola bilər. İnternet vasitəsilə ailə qurmaq təklifi bəzən insanları köləyə çevirir. Əgər xarici ölkə vətəndaşı ilə ailə qurmaq istəyinizi reallaşdırmaq məqsədi ilə nikah işi ilə məşğul olan şirkətlərə müraciət etməli olsanız, ilk öncə həmin şirkətin lisenziyasının olmasına diqqət yetirilməlidir. Ailə qurmaq təklif edilən şəxslə və onun sənədləri ilə maraqlanmalı, həmin xarici vətəndaş barədə, onun vətəndaşı olduğu ölkənin nümayəndəliyinə müraciət etməklə rəsmi məlumat alınmalıdır.
Hər bir xarici ölkə vətəndaşı nikaha girərkən, onun haqqında bütün məlumatları əks etdirin 4 nömrəli Forma anketi təqdim olunmalıdır.