İnsan ölümünə səbəb olan qəza törədərək hadisə yerindən qaçan sürücü həbs edilib
Bakı, 4 aprel, AZƏRTAC
Paytaxtın Qaradağ rayonu ərazisində yol-nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü polis və prokurorluq əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilərək istintaqa cəlb olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 1-də Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən hissəsində yolun kənarında dayanmış piyada 1988-ci il təvəllüdlü Əfsanə Qurbanovanı naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb, Ə.Qurbanova isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Aparılmış istintaqla hadisənin Məzahir Sadıqov tərəfindən “KamAZ-5511” markalı avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə, daha sonra yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Aprelin 3-də M.Sadıqova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.