“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Qanunun monitorinqi aparılıb
Bakı, 4 dekabr, AZƏRTAC
Dekabrın 4-də Milli Məclisin sosial siyasət komitəsinin, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ), BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun monitorinqinə dair dinləmələr keçirilib.
AZƏRTAC xəbər verir ki, monitorinqi Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası apararaq təkliflər hazırlayıb.
Komitənin sədri Hadı Rəcəbli çıxış edərək bildirib ki, monitorinqin məqsədi qanunların bugünkü reallıqlara uyğunluğunu müəyyənləşdirmək, onların daha da təkmilləşdirilməsi üçün əlavə və dəyişikliklər etməkdir. Bu qanun 2010-cu il iyunun 18-də Vyanada 25 min insanın qatıldığı böyük bir tədbirin müzakirəsinə çıxarılıb və model qanun kimi bəyənilib. Zamanın tələbi olaraq bu qanun yenə də təkmilləşdiriləcək.
Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, parlamentin fəaliyyətinin əsas istiqamətlərindən biri də vətəndaş cəmiyyəti institutları ilə sıx işləməkdir. Qanun yaradıcılığı prosesində həm onun şərh olunmasında, həm də monitorinqində birgə əməkdaşlıq əsas yer tutur.
Bahar Muradova qeyd edib ki, insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəlik dünyanın bir nömrəli problemlərindən biridir. Buna qarşı bütün cəmiyyət mübarizə aparmalıdır. Bu xəstəliklə mübarizədə ciddi maarifləndirmə işləri də görülməlidir. Vətəndaş cəmiyyətinin daha geniş cəlb olunması bu mübarizədə xüsusi rol oynayır. Milli Məclis sədrinin müavini müzakirələr zamanı səslənən fikirlərin problemin həllində faydalı olacağını söyləyib.
BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Andro Şilakadze bu məsələdə xüsusilə gənclər arasında maarifləndirmə işinin genişləndirilməsini təklif edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qurumun bu istiqamətdə apardığı müvafiq işlərdən, reallaşdırılan tədbirlərdən danışıb.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə aparılan monitorinq barədə məlumat verib.
Müzakirələrdə bildirilib ki, 113 ictimai birlik və təşkilatı özündə birləşdirən ARGTMŞ qanunun monitorinqini aparıb təkliflər hazırlayarkən müxtəlif qurumlarla görüşlər keçirib, onların rəylərini alıb. İki il aparılan monitorinqin nəticələrinə görə mövcud qanun yüksək səviyyədə hazırlanıb. Yalnız bir maddəyə dəyişiklik edilməsi təklif olunub. Bu da yetkinlik yaşına çatmayan şəxslərin valideynlərinin və ya hüquqi qəyyumların iştirakı olmadan tibbi müayinədən keçməyə qadağa qoyulması ilə bağlı yaş həddinin 18-dən 16-ya endirilməsinə dair təklifdir.
Hadı Rəcəbli təklif olunan dəyişikliyin işçi qrupda baxılıb müzakirə ediləcəyini diqqətə çatdırıb.