“İntellektual Klubların II Gənclər Kuboku” turnirinin final mərhələsi keçirilib
Bakı, 2 fevral, Həsrət Mahmudova, AZƏRTAC
Azərbaycan Gəncləri Günü münasibətilə fevralın 1-də Gənclər Fondunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “İntellektual Klubların II Gənclər Kuboku”nun final mərhələsinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, yanvarda start verilən turnirdə 58 şəhər və rayondan ümumilikdə 300 komanda mübarizə aparıb. İki minə yaxın gəncin qatıldığı regional seçimlərin nəticəsində 70 komanda final mərhələsinə vəsiqə qazanıb. Final mərhələsi “Nə? Harada? Nə zaman?”, “Breyn Rinq”, “Erudit kvartet” və “Kviz” oyunları əsasında keçirilib.
Azərbaycan Gənclər Fondunun icrası direktoru Fərid Cəfərov yarışın açılışında çıxış edərək deyib ki, Fond hər il yüzlərlə layihə icra edir. Bu layihələr, proqramlar, tədbirlər bilavasitə gənclərin sosial sifarişi əsasında ərsəyə gəlir. İntellektual Klubların Gənclər Kubokunun da bu layihələr arasında özünəməxsus yeri var. Regionlarda yaşayan gənclərin intellektual hərəkata marağının böyük olması məmnunluq doğurur. Ötən ilə nisbətən bu il turnirin miqyasının genişlənməsi əslində xoş hadisədir. Bir il əvvəl bu zalda Prezident İlham Əliyevin gənclərlə görüşü oldu. Dövlətimizin başçısının həmin görüşdə gənclərə əsas tövsiyəsi onların təhsilli və savadlı olmaları ilə bağlı idi. Bu cür intellektual tədbirlərin keçirilməsi və gənclərin fəal iştirakı, eləcə də onların belə tədbirləri fəal təbliğ etməsi savadlı, təhsilli Azərbaycan gəncliyinin yetişməsinə əlavə stimul olacaq.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin ötən il imzaladığı müvafiq Sərəncama əsasən, 56 regionda Gənclər Fondunun Gənclər İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri açılacaq. Həmin mərkəzlərdə xüsusən region gəncləri üçün intellektual klublar da fəaliyyətə başlayacaq.
Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev Azərbaycan Gəncləri Gününün ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis olunduğunu vurğulayıb. Məmnunluqla qeyd olunub ki, bu gün bu hərəkat geniş vüsət alıb. İntellektual hərəkat dövlət gənclər siyasətinin ən uğurlu layihələrindən biridir. Ölkəmizdə intellektual oyunlar üzrə Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə respublika çempionatlarının keçirildiyini vurğulayan F.Hacıyev regionlarda belə yarışlara marağın ildən-ilə artdığını qeyd edib.
Turnirin qalibləri 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən təntənəli mərasimdə mükafatlandırılacaqlar.